Məhkəmə qərarları › İş №8(040)-21/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-21/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-21/2025 08.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan X1 “uşağın saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(040)-106/2024 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X5 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladları-15 iyun 2018-ci ildə doğulmuş X6 və 07 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tairixli 2(040)-106/2024 saylı qətnaməsi ilə ona ödənilməli olan cəmi 200 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilərək, minimum aylıq əmək haqqının 0,65 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 28 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Məhkəməsinin 14 fevral 2024-cü il tairixli 2(040)-106/2024 saylı qətnaməsi ilə 15 iyun 2018-ci ildə doğulmuş X6 və 07 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Sonuncu qətnamə çıxarıldığı və qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq borclu tərəfindən uşağın saxlanılması üçün aliment ödənilmiş, başqa heç bir maddi yardım göstərilməmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o (iddiaçı) çəkir, böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir və hesab edir ki, ona ödənilməli olan aylıq alimentin məbləği ölkə üzrə hazırki sosial göstəricilərə uyğun indeksasiya edilməlidir. İş üzrə məhkəmə iclası 08 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə icalasına gəlməmişlər. X2 08 may 2025-ci il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 fevral 2024-cü il tarixli 2(040)-106/2024 saylı qətnaməsi ilə 15 iyun 2018-ci ildə doğulmuş X6 və 07 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. - -Maraqlı şəxs1 rəisi X9 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarla Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 fevral 2024-cü il tairixli 2(040)-106/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra icraatına başlanılmışdır. Tətbiq edilməli olan normativ sənədlər: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına müxtəlif dəyişikliklər, o cümlədən 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 -ci yarımbəndlər əlavə edilmişdir: -“8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) X4 ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(040)-106/2024 saylı qətnaməsi ilə 15 iyun 2018-ci ildə doğulmuş X6 və 07 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə tutulmalı olan aylıq 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarı ərizənin daxil olduğu 28 aprel 2025-ci il tarixdən hesablanmaqla ölkə üzrə hazırki sosial göstəricilərə uyğun indeksasiya edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(040)-106/2024 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 345 (üç yüz qırx beş) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir; deməli, Kəlbəcər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(040)-106/2024 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2024-cü ildə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (100 : 345 = 0,29). Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(040)-106/2024 saylı qətnaməsi ilə 15 iyun 2018-ci ildə doğulmuş X6 və 07 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X4 xeyrinə olan aylıq 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarı 28 aprel 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,29 (sıfır tam yüzdə iyirmi doqquz) misli həddində müəyyən edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əməkhaqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı hər uşağa görə 116 manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad qanuni qüvvəyə mindikdən sonra mövcud icra sənədinə əlavə edilməklə icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(040)-106/2024 saylı qətnaməsi ilə 15 iyun 2018-ci ildə doğulmuş X6 və 07 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə ödənilməli olan aylıq 100 (bir yüz) manat sabit pul məbləğində alimentin məbləği 28 aprel 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,29 (sıfır tam yüzdə iyirmi doqquz) misli həddində indeksasiya edilsin. 15 iyun 2018-ci ildə doğulmuş X6 və 07 iyul 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün maraqlı şəxs (2(040)-106/2024 saylı mülki iş üzrə cavabdeh) Maraqlı şəxs2 ərizəçi (2(040)-106/2024 saylı mülki iş üzrə iddiaçı) X4 xeyrinə 28 aprel 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,29 (sıfır tam yüzdə iyirmi doqquz) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,58 (sıfır tam yüzdə əlli səkkiz) misli həddində sabit pul məbləğində aylıq aliment tutulsun. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar