Məhkəmə qərarları › İş №8(040)-26/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-26/2025

23.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-26/2025 23.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Maraqlı şəxs (icra icraatında borclu)- Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Abdullayeva Hicran Ələmdar qızının ”uşağın saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar Abdullayeva Hicran Ələmdar qızı ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(040)- 730/2020 saylı qətnaməsi ilə 14 yanvar 2013-cü ildə doğulmuş X2 (qətnamədə uşağın soyadı həmin vaxtdakı soyadı ilə- “Abdullazadə” göstərilmişdir-hakimin qeydi) yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs2 onun xeyrinə tutulan 130 (bir yüz otuz) manat alimentin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 13 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs2 ilə 14 sentyabr 2011-ci ildə qeyri-rəsmi ailə qurmuş, birgə münasibətlərindən 14 yanvar 2013-cü ildə qızları-X3 doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs2 uşağın atası olması müəyyən edilmiş və uşaqlarının saxlanılması üçün 130 (yüz otuz) manat aliment təyin edilmişdir. Hazırki şəraitdə, o, 130 (yüz otuz) manat alimentlə uşağın ehtiyaclarını ödəyə bilmir; uşaq günü-gündən böyüməklə ehtiyacları da daim artır. Qətnamə çıxarıldığı və qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq borclu tərəfindən uşağın saxlanılması üçün məhkəmə tərəfindən kəsilmiş alimentdən başqa heç bir maddi köməklik göstərilməmişdir. Uşağın həm təlimtərbiyəsini, həm də maddi ehtiyaclarını qarşılamaq tək ana üçün çətindir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə məhkəmə iclası 23 may 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı Abdullayeva Hicran Ələmdar qızı 19 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs2 məhkəmə iclasında ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimidir, aylıq 474 (dörd yüz yetmiş dörd) manat məbləğində əmək haqqı alır. Hazırda ikinci nikahla evlidir, ərizəçiyə (tələbkara) 130 (yüz otuz) manat aliment ödədikdən sonra qalan 344 (üç yüz qırx dörd) manat pulla ailəsini dolandırmaqda çətinlik çəkir. Bundan əlavə, tələbkar Abdullayeva Hicran Ələmdar qızı da Kəlbəcər rayonu Anar Əliyev adına 2 saylı tam orta məktəbdə müəllimdir və 600 (altı yüz) manatdan çox əmək haqqı alır. Bu səbəbdən də aliment məbləğinin indeksasiya edilməsinə razı deyildir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 noyabr 2020-ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsi ilə 14 yanvar 2013-cü ildə doğulmuş Türkan adlı uşağın atasının Maraqlı şəxs2 olmasının müəyyən edilməsi, 29 oktyabr 2020-ci il tarixdən hesablanmaqla, 14 yanvar 2013-cü ildə doğulmuş X1 (uşağın doğum adı qeydində ad dəyişikliyi olarsa, bu, nəzərə alınmaqla) yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs2 hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq Abdullayeva Hicran Ələmdar qızına verilməsi qət edilmişdir. -X5 Təhsil İdarəsinin Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 23 may 2025-ci il tarixli 402 nömrəli arayışından görünür ki, Maraqlı şəxs2 həqiqətən hazırda Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir və aylıq əmək haqqı 474 (dörd yüz yetmiş dörd) manat 14 qəpikdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İV № 503634 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənməmiş fotosurətindən oxunur ki, X3 14 yanvar 2013-cü ildə doğulmuş, atası- Maraqlı şəxs2, anası- Abdullayeva Hicran Ələmdar qızıdır (həmin fotosurəti məhkəmə sübut kimi qəbul etməsə də, həmin fotosurətdə olan məlumatlar maraqlı şəxs- uşağın atası Maraqlı şəxs2 tərəfindən mübahisələndirilmir-hakimin qeydi) Tətbiq edilməli olan normativ aktlar: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına müxtəlif dəyişikliklər, o cümlədən 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 -ci yarımbəndlər əlavə edilmişdir: -“8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) Abdullayeva Hicran Ələmdar qızının ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsi ilə 14 yanvar 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı Abdullayeva Hicran Ələmdar qızının xeyrinə hər ay hər uşağa görə tutulmalı olan aylıq 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarı ərizənin daxil olduğu 13 may 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə hazırki sosial göstəricilərə uyğun indeksasiya edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 250 (iki yüz əlli) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir; deməli, Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2020-ci ildə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (130:250=0,52). Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsi ilə 14 yanvar 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı Abdullayeva Hicran Ələmdar qızının xeyrinə olan aylıq 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarı 13 may 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,52 (sıfır tam yüzdə əlli iki) misli həddində müəyyən edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əməkhaqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı bir uşağa görə 208 manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad qəbul edildikdən dərhal sonra mövcud icra sənədinə əlavə edilməklə icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edisin. Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsi ilə 14 yanvar 2013-cü ildə doğulmuş X2 (qətnamədə soyadı: Abdullazadə) yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı Abdullayeva Hicran Ələmdar qızının xeyrinə hər ay ödənilməli olan 130 (bir yüz otuz) manat sabit pul məbləğində aylıq alimentin miqdarı 13 may 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,52 (sıfır tam yüzdə əlli iki) misli həddində indeksasiya edilsin. Qərardad dərhal qüvvəyə minsin və icra edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(040)-730/2020 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əlavə edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar