Məhkəmə qərarları › İş №8(040)-31/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-31/2025

30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-31/2025 30.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi (icra icraatında tələbkar)- X2 iştirakı ilə, X1 ”uşağın saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(040)-411/2023 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 icraatında olan icra işi üzrə tələbkar X4 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Maraqlı şəxs2 09 noyabr 2017-ci ildə doğulmuş X7, 14 iyul 2019-cu ildə doğulmuş X5 və 14 iyul 2019-cu ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat tutulan alimentin məbləğinin ölkə üzrə minimum əməkhaqqı məbləğinin misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 19 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 411/2023 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 09 noyabr 2017-ci ildə doğulmuş X7, 14 iyul 2019-cu ildə doğulmuş X5 və 14 iyul 2019-cu ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Azyaşlılar normal böyüyərək cəmiyyətə layiqli vətəndaş kimi yetişmələri üçün yaxşı qidalanmalı, geyinməli və digər xərcləri təmin olunmalıdır. Onun ailəsi aztəminatlı ailə kateqoriyasına aiddir; bu və digər səbəblərdən azyaşlının gündəlik tələbatlarını ödəyə bilmir. Azyaşlılar böyüdükcə maddi tələbatları da artır. Cavabdeh Maraqlı şəxs2 işləyir; yaxşı pul qazanır, lakin azyaşlıların maddi tələbatlarının təmin olunmasında iştirak etmək istəmir. Onun günü ancaq azyaşlıların hərəkətlərinə nəzarət etməklə keçir. Qızı xəstə olduğu üçün tək qoymaq olmur; onlar alimentlə dolanmağa məcbur qalmışlar. İş üzrə məhkəmə iclası 30 iyun 2025-ci il tarixə təyin edilmişdir. Borclu (Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-411/2023 nömrəli qətnaməsi üzrə cavabdeh) Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə borclunun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı X4 məhkəmə iclasında tələbini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-411/2023 nömrəli qətnaməsi ilə təyin edilmiş alimenti ödəmir; Maraqlı şəxs1 tərəfindən axtarışa verilib, bu səbəbdən də hazırki məhkəmə iclasında iştirak etmir. Uşaqlarından biri əlildir, uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 411/2023 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin qanunvericiliyə uyğun indeksasiya edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 iyul 2023-cü il tarixli 2(040)-411/2023 saylı qətnaməsi ilə X2 Maraqlı şəxs2 qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiasının qismən təmin edilməsi, iddiaçi X4 ilə cavabdeh Maraqlı şəxs2 arasında Gəncə ASAN-xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 14 fevral 2017-ci il tarixdə 358 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 09 noyabr 2017-ci il tarixdə doğulmuş X9, 14 iyul 2019-cu il tarixdə doğulmuş X8 və 14 iyul 2019-cu il tarixdə doğulmuş X6 anaları (iddiaçı) X2 yanında saxlanılması, 22 fevral 2023-cü il tarixdən hesablanmaqla, 09 noyabr 2017-ci il tarixdə doğulmuş X7, 14 iyul 2019-cu il tarixdə doğulmuş X5 və 14 iyul 2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Tətbiq edilməli olan normativ sənədlər: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli SərəncAmirın 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına müxtəlif dəyişikliklər, o cümlədən 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 -ci yarımbəndlər əlavə edilmişdir: -“8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) X2 ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(040)-411/2023 saylı qətnaməsi ilə 09 noyabr 2017-ci ildə doğulmuş X7, 14 iyul 2019-cu ildə doğulmuş X5 və 14 iyul 2019-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə hər ay ödənilməli olan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı ərizənin daxil olduğu 19 iyun 2025-ci il tarixdən hesablanmaqla qanunvericiliyə və ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinə uyğun indeksasiya edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(040)-411/2023 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 345 (üç yüz) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir. Deməli, Kəlbəcər Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(040)-411/2023 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2023-cü ildə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (120:345=0,35). Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(040)-411/2023 saylı qətnaməsi ilə 09 noyabr 2017-ci ildə doğulmuş X7, 14 iyul 2019-cu ildə doğulmuş X5 və 14 iyul 2019-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə olan aylıq 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı 19 iyun 2025ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində müəyyən edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əməkhaqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı bir uşağa görə 140 (bir yüz qırx) manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad qəbul edildikdən sonra mövcud icra sənədinə əlavə edilməklə icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(040)-411/2023 saylı qətnaməsi ilə 09 noyabr 2017-ci ildə doğulmuş X7, 14 iyul 2019-cu ildə doğulmuş X5 və 14 iyul 2019-cu ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs2 iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aylıq alimentin miqdarı 19 iyun 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində indeksasiya edilsin. Qərardad dərhal icraya yönəldilsin və icra edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(040)-411/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əlavə edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar