Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(040)-37/2025 28.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Ərizəçi (icra icraatında tələbkar) X4, maraqlı şəxslər (icra icraatında borclular) Maraqlı şəxs2 və Maraqlı şəxs3, icra qurumu- Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakları olmadan, X1 ”Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)- 410/2013 saylı məhkəmə əmri ilə ödənilməli olan pul məbləğinin ödənilməmiş qalan hissəsinin indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayon icra şöbəsinin icraatında olmuş icra işi üzrə tələbkar X9 ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-410/2013 saylı 08 noyabr 2013-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat məbləğin 2013-cü il tarixdən 2025-ci ilin may ayınadək 205,3 faiz artımı (1779 manat x 205,3 faiz =2652,28 manat) nəzərə alaraq, cəmi 5431,28 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə 28 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 410/2013 saylı 08 noyabr 2013-ci il tarixli məhkəmə qərarına əsasən. Borclular Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəmi 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat məbləğində pulun müştərək qaydada tutularaq X4 xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarının qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır; ödənilməmişdir. Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar həmin məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. buna görə də məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilen an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ile əlaqələndiriə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş veren inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ərizə üzrə məhkəmə icraatı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Mülki prosessual Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Proses iştirakçılarına (ərizəçi-icra icraatında tələbkar X7, maraqlı şəxs-icra icraatında borclu Maraqlı şəxs2 və Maraqlı şəxs3 və icra qurumu- Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizəyə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(040)-410/2013 saylı 08 noyabr 2013-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri 20 Yanvar küçəsi ev 7 mənzil 95-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Yasamal rayonu Hüseynbala Əliyev küçəsi ev 34, mənzil 14-də yaşayan Maraqlı şəxs2 və xx xxxx 1978-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Kəlbəcər şəhəri S.Vurğun küçəsi ev 29-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 64, mənzil 42-də yaşayan Maraqlı şəxs3 hüquqi şəxs yaratmadan Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 50/14 ünvanında (“Sunny Electronics” mağazası) sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X4 xeyrinə əsas borc üzrə 1758 (bir min yeddi yüz əlli səkkiz) manat əsas borc və 21 (iyirmi bir) manat məbləğində dövlət rüsumu, cəmi 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. -Kəlbəcər Rayon Məhkəməsi tərəfindən X7 ünvanlanmış 06 aprel 2017-ci il tarixli 2(040)-410/2013 saylı məktubun surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)-410/2013 saylı məhkəmə əmri 19 noyabr 2013-cü il tarixdə icra olunması üçün aidiyyəti üzrə Bakı şəhərinin Nəsimi və Yasamal rayon icra şöbələrinə göndərilmiş, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən 02 dekabr 2013-cü il tarixdə borclu Maraqlı şəxs3 ilə bağlı hissədə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə və məhkəməyə göndərilmiş, həmçinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən 04 dekabr 2013-cü il tarixdə borclu Maraqlı şəxs2 barədə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, qərarın surəti tərəflərə və məhkməyə göndərilmişdir; bundan sonra Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən qəbul edilmiş 24 aprel 2015-ci il tarixli qərarla icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Qərarın verilməsinə əsas kimi “borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilmədiyi” göstərilmişdir. - Kəlbəcər Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış 12 iyun 2024-cü il tarixli 2(040)-410/2013 saylı məktubun surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)-410/2013 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinin icra vəziyyəti barədə Kəlbəcər Rayon Məhkəməsinə və tələbkara təcili məlumat verilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən xahiş olunmuşdur. -X8 (tələbkar X4 nümayəndəsi) 21 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)- 410/2013 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. -Kəlbəcər Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2(040)-410/2013 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)-410/2013 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinin geri qaytarılması haqqında 24 aprel 2015-ci il tarixli qərarının ləğv edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)- 410/2013 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinin borc ödənilmədiyinə görə təkrarən icraya yönəldilməsi qərara alınmışdır. -Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarın surətindən görünür ki, icra sənədi üzrə borclu Maraqlı şəxs2 1779 manat məbləğində pul vəsaiti tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir; göstərilənlərə əsasən icra sənədinin (“İcra haqqında” Qanunun 23.1.2 və 23.1.3-cü maddələrinə əsasən Kəlbəcər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin 1-ci hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2025-ci il tarixli qərarının nəticə hissəsinin: -1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129cu maddələrinin 1-ci hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər; -2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir; -3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir; xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir; -4-cü bəndində göstərilir ki, hüquqi müəyyənlik prinsipinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə məhkəmələr tərəfindən indeksasiyanın həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Konstitusiya Məhkəməsi həmin Qərarın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, indeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir; nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir, bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsindən görünür ki, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir; Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır; istehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir; indeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizəçi (tələbkar) X4 ərizəsi qismən- icra sənədi üzrə ödənilməli olan 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat pul vəsaitinin 2013-cü ilin noyabr ayından 2025ci ilin may ayınadək olan müddət üzrə 205,3 faiz artımla indeksasiya edilməklə icra sənədi üzrə yekun olaraq icra edilməli olan məbləğin 3652,28 manat (üç min altı yüz əlli iki manat-28 qəpik) müəyyən edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)-410/2013 saylı məhkəmə əmri üzrə tələbkara ödənilməli olan və hazırki tarixə ödənilməmiş qalan 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat pul vəsaiti 2013-cü ilin noyabr ayından 2025-ci ilin may ayınadək olan müddət üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin "www.stat.gov.az" saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi, yəni 205,3 faiz artımla hesablanmaqla 2025-ci ilin may ayına hesablanmış cari dəyəri 1873,28 manat artımla indeksasiya edilərək icra sənədi üzrə yekun olaraq icra edilməli olan məbləğ 3652,28 manat (üç min altı yüz əlli iki manat-28 qəpik) müəyyən edilməlidir (1779 x 205,3 % = 3652,28). Ərizə qalan hissədə- əlavə 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat məbləğin indeksasiya olunmuş məbləğə əlavə edilməsi hissəsində qanunsuz və əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Həmçinin, Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)- 410/2013 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinin geri qaytarılması haqqında Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 20 may 2025-ci il tarixli qərarı əsassız olduğundan, yəni lazımi qaydada əsaslandırılmadığından ləğv edilməli, icra sənədi təkrarən icraya yönəldilməlidir. Belə ki: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin: -1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. -2-ci hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -6.1, 6.1.1 və 6.1.2-ci maddələrindən görünür ki, Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi, məhkəmə əmrləri icra sənədləri sırasına daxildir. -23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. -23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. -23.7-ci maddəsinə sasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur; tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -38.1 və 38.3-cü maddələrinə əsasən, borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir; icraatın iştirakçıları ilə qohumluq və tabeçilik əlaqələrində olmayan, tam fəaliyyət qabiliyyətli 18 yaşına çatmış hər bir vətəndaş hal şahidi qismində dəvət oluna bilər; hal şahidlərinin sayı ikidən az ola bilməz. -43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. -44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. -44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. -44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. -45.7-1-cı maddəsinə (17 fevral 2025-ci il tarixdən hal-hazıradək qüvvədə olan mətninə) əsasən, tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 (bir) iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə X2 Sistemində müvafiq qeyd aparılmalıdır. -45.7-1-cı maddəsinin 30 dekabr 2018-ci il tarixdən 17 fevral 2025-ci il tarixədək qüvvədə olmuş mətninə əsasən, tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 (bir) iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Məhkəmə hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)-410/2025 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinin geri qaytarılması haqqında Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 20 may 2025-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, həmin qərarda əsas kimi “borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərildiyi və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilmədiyi” göstərilmiş, lakin bununla bağlı məhkəməyə yetərli sübut təqdim edilməmişdir; icra qurumu tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, icra işi qanunamüvafiq qaydada aparılmamış, zəruri icra hərəkətləri keçirilməmişdir; icra icraatına başlanıldığı tarixdən 2025-ci ilin may ayınadək olan müddət üzrə icra hərəkətlərinin həyata keçirilməsini və borclunun əmlak vəziyyətinin sorğulanmasını əks etdirən müvafiq sənədlər, o cümlədən müvafiq elektron informasiya sisteminin məlumatları aşkar edilməmişdir; borclunun yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı akt əlavə edilməmişdir. Belə olan halda İcra haqqında Qanunun 23.1.2-ci maddəsində göstərilən şərt- “borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla)” və 23.1.3-cü maddəsində göstərilən şərt- “borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərildiyi və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilmədiyi” icra məmuru tərəfindən yetərli olaraq əsaslandırılmamışdır. İcra məmuruna izah edilməlidir ki, icra olunmayan və ya qismən icra olunan icra sənədlərinin “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən (borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə) məhkəməyə geri qaytarılması yalnız o hallarda əsaslı hesab edilə bilər ki, tələbkarın müvafiq əmlak tələbi yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsində nəərdə tutulmuş fərdi-müəyyən əşyalara yönəldilmiş olsun və ya tələbkar ödənilməli olan pul məbləğinin hissə-hissə ödənilməsinə razı olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə qismən təmin edisin. Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)-410/2013 saylı məhkəmə əmri ilə borclular Maraqlı şəxs2 və Maraqlı şəxs3 kreditor X4 xeyrinə ödənilməli olan və hazırki tarixə ödənilməmiş qalan 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat əsas borc 2013-cü ilin noyabr ayından 2025-ci ilin may ayınadək olan müddət üzrə 1873,28 manat (205,3 faiz) artımla 3652,28 manat (üç min altı yüz əlli iki manat-28 qəpik) məbləğə indeksasiya edilsin; icra sənədi üzrə yekun olaraq icra edilməli olan məbləğ 3652,28 manat (üç min altı yüz əlli iki manat-28 qəpik) müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)-410/2013 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinin geri qaytarılması haqqında Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 20 may 2025-ci il tarixli qərarı ləğv edilsin, icra sənədi təkrarən icraya yönəldilsin. Qərardad dərhal icraya yönəldilsin və icra edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli 2(040)-410/2013 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinə əlavə edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə elektron formada şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(040)-37/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(040)-37/2025
28.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver