Məhkəmə qərarları › İş №8(041)-153/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-153/2025

10.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-153/2025 10.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi ilə, İcra sənədi üzrə tələbkar X1 aliment məbləğinin indeksasiyası barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-236/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş Əsədi-X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manatın tutularaq tələbkar Əsədi- X5 ödənilməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-236/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunaraq cavabdehdən 220 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsini xahiş etmişdir. Tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra sənədi üzrə borclu Cavabdeh ərizəyə etiraz göndərərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər və əlavələr edilmişdir. Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikasın Prezidentinin sərəncamına əsasən xx.xx.2025-ci ildən minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-446/2025 saylı qətnaməsi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-236/2023 saylı qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilmiş, 05 may 2022-ci il tarixdə anadan olmuş Əsədi-X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Beləliklə iş materiallarına əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəməsinin qətnaməsi ilə dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 2025-ci il üçün 400 manat müəyyən edildiyindən tələbkarın tələb etdiyi 220 manat aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 mislini təşkil edir (400 x 0,55 = 220 manat). Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tələbkar X1 alimentin indeksasiya olunması barədə ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cümaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədi üzrə tələbkar X1 aliment məbləğinin indeksasiyası barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar