Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(041)-190/2025 03.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1219/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X4 və X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hazırda borclunun 2160 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu, Tələbkar və Kürdəmir rayon icra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X4 və X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmiş, xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin qərarın və tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsini təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Hazırki iş üzrə də, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1219/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin Borclu tərəfindən üzürlü səbəb olmadan icra edilmədiyi öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1219/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №8(041)-190/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(041)-190/2025
03.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver