Məhkəmə qərarları › İş №8(042)-112/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-112/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-112/2024 23.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun iştirakı ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-630/2022 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə icra məmurunun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi X7 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-630/2022 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov təqdimatını onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(042)-630/2022 saylı icra sənədinə əsasən borclu X2 hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdə başlayaraq hər ay cəmi 300 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul olunmuşdur. Tələbkar borclu X8 ilə birlikdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gələrək xx.xx.2024-cü il tarixli notarial ərizə təqdim etmiş və aliment işi üzrə tələbdən imtina etdiyini bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar tələbdən imtinası icra məmuruna xitamla bağlı “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qərar qəbul etməsi imkanı yaratmır. Odur ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-630/2022 saylı icra sənədi üzrə Tələbkar qızının tələbdən imtinasının qəbul edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov məhkəmə iclasında təqdimatda göstərilənlərə oxşar izahat verdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimatın təmin edilməsi qənaətinə gəlir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-630/2022 saylı icra sənədinin surətindən görünür ki, 23 may 2022-ci il tarixdən başlayaraq, cavabdeh X2 02 fevral 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulub iddiaçı Tələbkar verilməli, 23 may 2022-ci il tarixdən başlayaraq 02 fevral 2021-ci il tarixdə anadan olmuş X5 üç yaşına çatanadək cavabdeh X2 hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş Tələbkar tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, Tələbkar Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-630/2022 saylı icra sənədi üzrə borclu X4 ona olan aliment borcunu tam ödədiyini bildirmiş, aliment tələbindən imtina etdiyi üçün icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinin tələbinə görə, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtina etməsi özünün subyektiv hüququ olduğundan, tələbkarın tələbdən imtinası qəbul edilərək, icra sənədi üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, məhkəmə, icra sənədi üzrə icraata xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Tələbkar tələbdən imtinası qəbul edilərək, icra sənədi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-630/2022 saylı icra sənədi üzrə Tələbkar tələbdən imtinası qəbul edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-630/2022 icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar