Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-144/2025 27.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsimiyə Cəmil qızının katibliyi ilə ərizəçi Tələbkar borcun indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Tələbkar 2(041)-526/2014 saylı 23 may 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən ödənilməyən əsas 1053 manat məbləğin indeksləşdirilərək 2014-cü il tarixdən 2025-ci ilin may ayınadək 200.8 faiz artım nəzərə alınaraq, cəmi, 3167.42 manat miqdarında indeksləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)- 526/2014 saylı 23 may 2014-cü il tarixli qərarı ilə borclular Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 1032 manat borc və 21 manat dövlət rüsumu, cəmi, 1053 manatın alınaraq, ona verilməsi əmr edilmişdir. Borclular həmin vaxtdan borcu ödəməmişlər. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(041)-526/14 saylı 23 may 2014-cü il tarixli qərarından görünür ki, borclular Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 1032 manat borc və 21 manat dövlət rüsumu, cəmi, 1053 manatın alınaraq, Tələbkar verilməsi əmr edilmişdir. İşdə olan Araryışdan görünür ki, borcluların ödədikləri məbləğ icra şöbəsinin depozit hesabına keçirilmişdir. İşdə olan istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatordan görünür ki, 2025-ci ilin iyun ayında 2014-cü ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 200.8 faiz olmuşdur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycşn Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan, hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, borclular Gədəbəy Rayon Məhkəməsinin 2(041)-526/2014 saylı 23 may 2014-cü il tarixli qərarı ilə müəyyən edilmiş borcu ödəməmişlər. Ona görə də ərizə təmin edilməli, borc məbləği indeksləşdirilməli, borclulardan, cəmi,3167.42 manat alınaraq, Tələbkar verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 232-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Borclu1, Borclu2 və Borclu3 müştərək qayda 3167.42 manat alınaraq, Tələbkar verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-144/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-144/2025
27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver