Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-149/2025 03.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Şikayət vermiş şəxs X2, Maraqlı şəxs Tələbkar iştirakları ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında X4 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-78/2022 saylı icra vərəqəsinə əsasən, X5 kitabında xx.xx.2010-cu il tarixdə 375 nömrə ilə uçota alınmış A№ 124834 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu Dəyirmandağ kəndində X1 adına qeyd edilmiş, iddiaçı Tələbkar faktiki sahibliyində olan 3796.67 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş və cavabdeh X4 tərəfindən iddiaçının istifadəsinə maneə yaradılaraq nəzarətdə saxlanılan avtomobil yolu açılmalıdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-78/2022 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. X4 həmin qərardan şikayət verərək, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xüsusi biliyə malik olan mütəxəssislərin iştirakı ilə məhkəmə qətnaməsinin yenidən icra edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X4 ərizəsini onunla əsaslandırmışdır ki, o, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-78/2022 saylı qətnaməsi üzrə cavabdeh şəxs olmuşdur. Həmin qətnaməyə əsasən, iddiaçıya məxsus torpaq sahəsinə çıxış yolunun açılması nəzərdə tutulmuşdur. Lakin, qeyd edilən məhkəmə qətnaməsinin icrası zamanı Gədəbəy rayon icra və Probasiya şöbəsinin icra məmuru X3 qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, icra məmuru icranı həyata keçirərkən özü baxış keçirmiş, akt tərtib etmiş və yolun açıldığını göstərmişdir. Halbuki qətnamədən də göründüyü kimi yolun açılması X5 kitabında xx.xx.2010-cu il tarixdə 375 nömrə ilə uçota alınmış, A nömrə 124834 seriyalı "Torpaq sahəsinin plan və ölçüsü" sənədinə əsasən həyata keçirilməlidir. Belə işlərin icrası xüsusi biliyə malik olan mütəxəssislərin və müvafiq ölçü cihazlarının iştirakı ilə aparılmalı olduğu halda, icra məmuru müstəqil qaydada baxış keçirib akt tərtib etməklə icranı başa çatmış kimi göstərmişdir. Faktiki olaraq yol düzgün açılmamışdır, bu isə məhkəmə qətnaməsinin mahiyyətinə və qanunun tələblərinə ziddir. İcra məmurunun düzgün olmayan hərəkətləri nəticəsində bu günədək və hal-hazırda da onunla iddiaçı arasında mübahisə və problemlər davam etməkdədir. Bu isə məhkəmə qətnaməsinin icrasının tam təmin edilmədiyini bir daha sübut edir. Şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Tələbkar məhkəmə iclasında bildirdi ki, sözgedən avtomobil yolu hazırda açılmışdır və istifadə edirlər. Odur ki, şikayətin təmin edilməməsini xahiş edirlər. Məhkəmə işdə iştirak etmiş şəxsləri dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, "... “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında icra işinə baxış keçirilmiş və müəyyən edildi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-78/2022 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən icra işi üzrə tərəflərin iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən, sözgedən avtomobil yolunun açıq olması və ondan istifadəyə heç bir maneənin olmaması müəyyən edilmiş, bu əsasla Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmovun xx.xx.2024-cü il tarixli qərarına əsasən, icra sənədinin icrasına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-78/2022 saylı qətnaməsində avtomobil yolunun açıq olması və cavabdeh tərəfindən istifadə olunmaması ilə bağlı hallara qiymət verilmiş və bundan sonra yekun nəticəyə gəlinmişdir. Ona görə də, bu hal icra sənədinin icrasına xitam verilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin sözügedən məhkəmə qətnaməsi qəbul edilməmişdən əvvəl mülki iş üzrə məhkəmə tərəfindən xüsusi biliyə malik olan mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyi alınmış və sübut növü kimi qəbul edilərək sözgedən məhkəmə qətnaməsi çıxarılmışdır. İcra işi üzrə isə hər hansı mütəxəssis köməyindən istifadə olunmamış və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta istinad edilməklə qərar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra sənədinin icrası üzrə bütün zəruri icra tədbirlər görülməli və icra vərəqəsi üzrə tələb tam icra edilməlidir. Ona görə də, məhkəmə X2 şikayətini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən qəbul edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 78/2022 saylı icra sənədinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra işi davam etdirilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №8(042)-149/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-149/2025
03.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver