Məhkəmə qərarları › İş №8(042)-152/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-152/2025

04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-152/2025 04.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, X1 Rəhim oğlunun, Maraqlı şəxs rəisi Elxan Abbasovun iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-1002/2024 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair X1 Rəhim oğlunun ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rəhim oğlu məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-1002/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə, yəni əmək haqqının 1/5 hissəsi miqdarından ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəyə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. X1 Rəhim oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-1002/2024 saylı qətnaməsinə əsasən ondan cəmi 1.600 manat alınıb Tələbkar ASC-yə ödənilməlidir. O, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyir və aylıq 560 manat əmək haqqı alır. Ailədə yeganə qazanc gətirən odur. Anası mədə və ürək xəstəsidir və mütəmadi müalicəyə ehtiyacı vardır. Bundan başqa anasının müalicəsi üçün əlavə kredit götürmüşdür. Hazırda əmək haqqının 1/5 hissəsi miqdarından kredit borcun ödənişlər etməyə maddi imkanı çatır. X1 Rəhim oğlu məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi Elxan Abbasov məhkəmə iclasında iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Tələbkar ASC borcun hissə-hissə ödənilməsinə qarşı etiraz ərizəsi təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X1 Rəhim oğlundan Tələbkar ASC-nin xeyrinə ümumilikdə 1.835,30 manat məbləğində kredit borcu və 38,35 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan qətnamənin qəbul olunmasından müəyyən müddət keçməsinə baxmayaraq bu günə qədər borc ödənilməmişdir. X1 Rəhim oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə ödəməli olduğu borc məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsindən banka göndərilən bildirişdə Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1002/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə X1 Rəhim oğlunun qətnamə üzrə qeyd edilən borcun hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə, saat 15:30-a təyin edildiyi göstərilmişdir. Borclunun hissəhissə icra edilməsi barədə ərizəsinə etiraz edirlər. Belə ki, bankın əməkdaşları tərəfindən borclunun özü ilə dəfələrlə əlaqə yaradılmış hər dəfəsində müxtəlif bəhanələr gətirərək borcu ödəyəcəyini bildirsə də, borc bu günədək ödənilməmişdir. Hazırda borclunun ərizə ilə məhkəməyə müraciət etməsi qətnamənin icrasını ləngitmək məqsədi daşıyır. Bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmiş və qətnamənin icrasının uzadılması üçün belə bir addım atmışdır. Məhkəmə ərizə üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-1002/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh Rzayev Rəşad Rəhim oğlundan kredit müqaviləsi üzrə 1.743,48 manat əsas borc, 91,82 manat faiz borcu, cəmi 1.835,30 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,35 manat, ümumilikdə 1.873 (bir min səkkiz yüz yetmiş üç) manat 65 (altmış beş) qəpik məbləğində pul alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-1002/2024 saylı icra vərəqəsi üzrə tələbin, yəni 1.873,65 manat məbləğində borcun Rzayev Rəşad Rəhim oğlunun hər ay aldığı əmək haqqına yönəldilməsi və hər ay sonuncunun aldığı əmək haqqının 50 faiz hissəsi tutularaq Tələbkar ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının tərkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, icra sənədinin hiss-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyəti və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Bununla yanaşı həmin qanunun normasına görə icra sənədi hissəhissə icra olunarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi məsələsinə baxılarkən tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Belə ki, məhkəmə qətnaməsinin icra edilməsi zamanı müddət məhkəmə tərəfindən müəyyən olunarkən ağlabatanlılıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyi və səmərəliliyinə xələl gəlməsin. “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət № 59498/000). Daha sonra, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Rəhim oğlunun Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)- 1002/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, onun surətinin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar