Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-161/2025 23.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında X4 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-992/2024 saylı icra vərəqəsinə əsasən, Borclu 64800 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 286 manat, cəmi, 65086 manat alınaraq, X3 verilməlidir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-992/2024 saylı icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. X4 həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Ruslan Rüstəmovun icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə 19 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi və icra məmuru barəsində xüsusi qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs (tələbkar) X4 ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs icra məmuru Ruslan Rüstəmov qanunsuz olaraq, onunla şəxsi ədavət apararaq 19 avqust 2025-ci il tarixdə tez tələsik, heç bir qanunu əsası olmadan Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsini icrası mümkün olmayan icra sənədi adı verərək məhkəməyə geri qaytarmışdır. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-992/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onunla Borclu arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsi ləğv edilərək, Borclu 64.800 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 286 manat pul alınıb ona verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya bu barədə bildiriş göndərilsə də borclu icra sənədi üzrə ona borclu olduğu puldan bu günədək heç bir ödəniş etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməyərək icra məmurunun heç bir çağırışlarına gəlməməsinə baxmayaraq icra məmuru qanuni icra tədbirləri həyata keçirməmiş və məhkəmənin qəbul etdiyi qətnamənin icrasına öz şəxsi maraqlarından yana maneçilik etmişdir. İcra məmuru borclu ilə yalnız telefon vasitəsi ilə əlaqə saxlamış və borclu hər dəfə icra şöbəsinə gələcəyi və borcundan ödənişlər edəcəyi barədə yalan vədlər verməsinə baxmayaraq vədlərinə əməl etmədiyi təqdirdə icra məmuru borclunun barəsində axtarış və ya borclunun məcburi gətirilməsi barədə heç bir qanuni icra tədbiri görməmiş, həmçinin ona borclunun süni yolla adını 487 manatlıq işə yazdıraraq borcu uzun illər ödəmək üçün 487 manatın 50% hissəsində ödəyəcəyini bildirmişdir. O isə bu cür ödəmə üsulu ilə razılaşmamış və icra sənədinin bu formada ödənilməsi uzun illər çəkəcəyini bildirərək imtina etmişdir. İcra məmuru borcluya pulu ödətmək əvəzində xx.xx.2025-ci il tarixdə qərar qəbul edərək icra sənədinin icrasının mümkün olmadığını bildirmişdir. O, icra məmuru Ruslan Rüstəmovun icra sənədi üzrə borcluya havadarlıq etməsinin nəticəsində bu günə qədər icra sənədi üzrə borcundan bir manat olsun əldə edə bilməmişdir. Yüksək məbləğdə olan pul hələdə borclu tərəfindən qaytarılmamışdır. İcra məmuru Ruslan Rüstəmov məhkəmə qətnaməsini icra etməmək üçün bütün vasitələrdən istifadə edir. X1 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Borcluya və Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, “İcra haqqında” qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: Həmin qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-992/2024 saylı icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, borclu "xxxx" MMC-də işləməklə 487 manat əmək haqqı alır, icra məmuru tərəfindən tələbin borclunun əmək haqqına yönəldilməsi üçün tələbkara bank hesabı təqdim etməsini təklif edilmiş və tələbkar borcunun tam ödənilməsini tələb edərək bank hesabını təqdim etməkdən imtina etmişdir. Bu hal tələbkarın icra sənədinin icrasına maneə yaratması kimi qiymətləndirilmiş və sözgedən qərar qəbul edilmişdir. “İcra haqqında” qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Məhkəmə qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-992/2024 saylı icra vərəqəsinə əsasən borcludan tələbkarın xeyrinə tutulmalı olan məbləğ cəmi 65.086 manat təşkil edir. Tələbin yönəldiləbiləcəyini əmək haqqının məbləği 487 manat olmaqla ən yüksək halda tutulmanın həmin məbləğin 50 faiz hissəsinə yönəldiləcəyi və digər məcburi icra tədbirləri nəticəsində borcun ödənilməsinin təmin edilməyəcəyi təqdirdə icra sənədi üzrə tələbin icrasına uzun müddət tələb olunur ki, bu hal tələbkarın hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin məhkəmə tələbkarın “icra məmuru barəsində xüsusi qərar qəbul edilməsi” tələbi ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icra məmurlarının barəsində “xüsusi qərar” qəbul edilməsi nəzərdə tutulmadığından şikayət həmin hissədə təmin edilməməlidir. Eləcə də tələbkara izah edilir ki, tələbkar icra sənədi üzrə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı halda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququ vardır. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra sənədinin icrası üzrə bütün zəruri icra tədbirlər görülməli və icra vərəqəsi üzrə tələb tam icra edilməlidir. Ona görə də, məhkəmə X2 şikayətini qismən əsaslı hesab edir və qismən təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Maraqlı şəxs icra məmuru Ruslan Rüstəmov tərəfindən qəbul edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-992/2024 saylı icra sənədinin məhkəməyə qaytarılmasına dair xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və icra sənədi üzrə icra işi davam etdirilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №8(042)-161/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-161/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver