Məhkəmə qərarları › İş №8(042)-163/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-163/2022

07.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-163/2022 07.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və X1nın iştirakları ilə, X1nın Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-2255/2021 saylı icra sənədinə əsasən cavabdeh X4 hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 360 manat miqdarında aliment alınaraq, ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. 25 oktyabr 2021-ci il tarixədək borclunun aliment borcu yığılmış, o, borcun ödənildiyi üçün ərizə vermişdir. Lakin Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə səhvən icra sənədinə xitam verilmişdir. O, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən alimenti tələb etdikdə onlar icra sənədi üzrə icraata xitam verildiyini bildirmişlər. Həmin qərar əsassızdır. Ona görə də şikayətin təmin edilməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında şikayətin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-2255/2021 saylı icra sənədinə əsasən borclu X4 hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 360 manat miqdarında aliment alınaraq, X1na verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. 25 oktyabr 2021-ci il tarixədək borclunun aliment borcu yığılmış, X1 borcun ödənildiyi üçün ərizə vermişdir. Lakin Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə səhvən icra sənədinə xitam verilmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli və icra sənədi üzrə icra işləri davam etdirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icra icraatına xitam verilməsi haqqında qərarı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-2255/2021 saylı icra sənədi üzrə icra işləri davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar