Məhkəmə qərarları › İş №8(042)-183/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-183/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-183/2025 06.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Borclu1 iştirakı ilə, X1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-521/2015 saylı məhkəmə əmri ilə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(041)- 521/2015 saylı, 16 aprel 2015-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 1.265 manat pul məbləğini indeksləşdirilərək 2015-ci il aprel ayından 2025-ci il aprel ayınadək 192,40 faiz artımı (1.265 x 192,40 % = 2433,86 AZN) nəzərə alınaraq cəmi 3698,86 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)-521/2015 saylı, 16 aprel 2015-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1265 manat məbləğində pul müştərək qaydada tutularaq X3 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il aprel ayında 2015-ci il aprel ayına nisbətən istehlak qiymətləri indeksi 192,40 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1,9 dəfə artmışdır. X2 məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu1 məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər proses iştirakçıları məhkəməyə gəlməsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin (MPM) 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə iştitak edən şəxsi dinləyib, ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-521/2015 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu1 və Borclu2 müştərək qaydada X3 xeyrinə 1.244 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası zamanı cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Məhkəmə qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-521/2015 saylı məhkəmə əmrinin icraya yönəldilməsi, ödənilməli olan borc tələbi ilə bağlı borcluların xəbərdar edilməsi və borcun tam ödənilməməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözgedən məhkəmə əmrinə əsasən tutulmalı olan pul məbləğinin indeksasiyası aparıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-521/2015 saylı məhkəmə əmri ilə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar