Məhkəmə qərarları › İş №8(042)-198/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-198/2025

12.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-198/2025 12.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi ilə X2nın Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-919/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları X2 alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(042)-919/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü oğlu X1 üçün borclu Maraqlı şəxs hər ay tutulan 100 manat alimentin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(042)-919/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü oğlu X1 üçün Maraqlı şəxs hər ay 100 manat alimentin alınıb ona verilməsi müəyyən edilmişdir. Hazırda həmin vəsaitlə uşağın maddi ehtiyyaclarını ödəyə bilmir. Özü işləmir və başqa gəlir yeri yoxdur. Uşağı məktəblidir, universitetə hazırlaşır. Ona görə də alimentin indeksasiyası barədə müraciət etməli olmuşdur. Proses iştirakçılarının izahatı Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizəçi və maraqlı şəxs məhkəməyə gəlməsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 232.2ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Gədəbəy Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(042)-919/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, 14 avqust 2018-ci ildən başlayaraq 24 avqust 2004-cü il tarixdə doğulmuş Nahiyyət, 22 avqust 2007-ci il tarixdə doğulmuş Maksim və 18 noyabr 2008-ci ildə doğulmuş Məqsəd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər uşağa görə 100 manat olmaqla üç uşaq üçün hər ay sabit pul məbləğində 300 manat aliment tutularaq X4 verilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Minimum aylıq əməkhaqqının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamı ilə minumum aylıq əmək haqının məbləği artırılaraq 2018-ci il üçün 130 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə, Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Məqsəd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 2018-ci il tarixdə alimentin məbləği 100 manat məbləğində, yəni həmin il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0.76 misli (alimentin məbləği 100 : minumum əmək haqqının məbləği 130=0.76) həddində müəyyən edilmişdir. Məhkəmə alimentin müəyyən edildiyi vaxta, yəni, 2018-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)- 919/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddində indeksasiya olunmalıdır. Nəticə Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-919/2018 nömrəli qətnaməsi ilə bir uşaq üçün hər ay tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması qərardad qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar