Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-201/2025 23.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə icra sənədinin hissə-hissə icra edilməsinə dair X1ın ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-555/2024 saylı qərarı ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(042)-555/2024 saylı qətnaməsinə əsasən ondan 1461,84 manat borc və 35,02 manat məbləğində dövlət rüsumu tutulmaqla "xxxx" KB ASC-ə ödənilməsi qərara alınmışdır. O, Gədəbəy TKQ-də işləyir və hazırda aldığı aylıq əməkhaqqı 436 manat təşkil edir. Bundan başqa, onun digər kredit öhdəlikləri də mövcuddur. Övladı xaricdə təhsil alır və mütəmadi olaraq təhsil haqqı ödənilir. Hazırda ailə kirayə mənzildə yaşayır və aylıq 300 manat kirayə haqqı ödəyir. Onun həyat yoldaşı Qarabağ müharibəsi veteranıdır, aylıq 80 manat sosial yardım alır və heç bir yerdə işləməyir.İcra məmurunun qərarına əsasən borcun tutulması borclunun əməkhaqqının 50 faizi hesabına yönəldilmişdir. Lakin borclunun mövcud maddi vəziyyəti, ailə yükü və digər maliyyə öhdəlikləri nəzərə alındıqda, bu məbləğin tam şəkildə tutulması onun və ailəsinin yaşayış şəraitini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bu səbəbdən məhkəmədən ərizənin təmin edilməsini və məhkəmə qərarının hissə-hissə icra edilməsini, yəni borcun ayda 40 manat olmaqla tutulmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-555/2024 saylı qərarından görünür ki, X3 1461,84 manat vəsaitin "xxxx" KB ASC-ə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının tərkib hissəsi” sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, icra sənədinin hiss-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyəti və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Bununla yanaşı həmin qanunun normasına görə icra sənədi hissəhissə icra olunarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət № 59498/000). Daha sonra, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Beləliklə, məhkəmə hesab edir ki, borclunun maddi çətinlikləri, digər kredit öhdəlikləri, ailə vəziyyəti və kirayə xərcləri məhkəmə qərarının icrasının hissə-hissə aparılması üçün müstəsna və ya əsaslı hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmışdır ki, icra sənədinin icrasının hissə-hissə aparılması kreditorun "xxxx" KB ASC-nin hüquq və mənafelərinə ziddir və borcun icrasının əsassız şəkildə uzadılmasına səbəb ola bilər. Ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilməsin. Qərardaddan, onun surətinin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-201/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-201/2025
23.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver