Məhkəmə qərarları › İş №8(042)-212/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-212/2025

24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-212/2025 24.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, X1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-377/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları X2 “alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə birgə qeyri-rəsmi nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Gədəbəy Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(042)-377/2020 nömrəli qətnaməsinə əsasən hər ay hər uşaq üçün kəsilmiş 125 aliment məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2009-cu ildə faktiki olaraq ailə qurmuş və onların aralarında rəsmi nikah olmamışdır. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü - X8 və xx.xx.2015-ci il təvəllüdlü - X9 adında iki övladları dünyaya gəlmişdir. Gədəbəy Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(042)-377/2020 nömrəli qətnaməsi ilə aliment müəyyən edilmişdir. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(042)-377/2020 nömrəli qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə ayrı ayrılıqda 125 manat alimentin alınıb, ona verilməsi qət edilmişdir. Maraqlı şəxs aliment öhdəliyini tam olaraq, yerinə yetirmir. Birgə nikahları dövründə cavabdehin qazancı var idi. Bu dövrdə uşaq saxlamaq çox çətindir uşağı üçün əlindən gələni edir və o uşaqların saxlanması üçün hər ay müəyyən miqdarda daha çox aliment verə bilər. Təbriz 3 ay olar ki, alimenti ödəmir. 125 manat məbləğində aliment uşaqların normal böyüdülməsi üçün çox aşağıdır. Uşaqlarının onun onların yanında olmağına, qayğısına çox ehtiyacları var. Proses iştirakçılarının izahatı Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-377/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkir. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizəçi məhkəməyə gəlməsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin (MPM) 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-377/2020 saylı qətnaməsindən görünür ki, 21 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 və 27 yanvar 2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 125 manat, cəmi, 250 manat miqdarında aliment alınaraq, X5 verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; - 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. - 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Minimum aylıq əməkhaqqının artırılması barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə, Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə maraqlı şəxsi dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə 21 sentyabr 2010-cu təvəllüdlü X4 və 27 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2020-ci il tarixdə alimentin məbləği hər bir uşaq üçün 125 manat məbləğində, yəni həmin il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0,5 misli (alimentin məbləği 125 : minumum əmək haqqının məbləği 250=0,5) həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxta - 2020-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-377/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmalıdır. Nəticə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-377/2020 nömrəli qətnaməsi ilə hər ay hər bir uşaq üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması qərardad qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar