Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-52/2025 13.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, X1, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, X1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-271/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 “alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il doğum tarixli X4 və xx.xx.2019- cu il doğum tarixli X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəllər Gədəbəy Rayon Məhkəməsinin 2(042)-271/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 130 manat, hər iki uşağa görə cəmi 260 manat alimentin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-271/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il doğum tarixli X4 və xx.xx.2019-cu il doğum tarixli X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayda bir uşağa görə 130 manat, hər iki uşağa görə cəmi 260 manat alimentin Maraqlı şəxs tutulması qət edilmişdir. Lakin hal-hazırda X4 9 yaşı, X8 isə 5 yaşı var, Gədəbəy Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş alimentin məbləği uşaqlarının heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, onun kifayət qədər qazancı və gəliri yoxdur. Mövcud vəziyyətdə uşağını tək başına saxlaya bilmir. Hesab edir ki, əvvəl təyin edilmiş alimentin miqdarı indeksasiyası yolu ilə artırılmalıdır. X2 məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X9 məhkəmə iclasında bildirdi ki, qardaşı xəstədir. Maddi imkanı aşağıdır. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-271/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək Maraqlı şəxs hər ay hər uşaq üçün 130 manat cəmi, 260 manat miqdarında aliment alınaraq, X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; - 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. - 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxta - 2020-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-271/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)f-271/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №8(042)-52/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-52/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver