Məhkəmə qərarları › İş №8(043)-222/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-222/2022

28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-222/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi və Borclu iştirakı ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-2683/20 saylı, 10.09.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2683/20 saylı 10.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1170 manat və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün borcluya rəsmi qaydada bildiriş göndərilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmiş, lakin tələb borclu tərəfindən könüllü təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq borclunun bugünki tarixə cəmi 1200 manat məbləğində borcu qalmışdır. Borclu həmin borcu ödəməkdən və icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən borclu X1 məcburi qaydada Gəncə şəhəri üzrə İcra idarəsinə gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, o, hər ay mütəmadi olaraq ödənişləri etmiş, ödənişləri etdiyi üçün də Gəncə şəhəri üzrə İcra İdarəsinə getməyə zərurət olmadığını bilmişdir. Ona 16.03.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə çağırılması barədə SMS bildiriş gələn zaman icra məmuru A.İbrahimovla əlaqə saxlamış, köməkçisi cavab verərək icra məmurunun iş yerində olmadığını bildirmişdir. Ona görə də icra idarəsinə getməmişdir. Sonrakı günlərdə isə icra sənədinin icrası ilə bağlı hər hansı problem yaranmamış, İdarəyə dəvət olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi 2(043)-2683/20 saylı, 10.09.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 03.01.2018-ci il tarixli k003694 nömrəli müqavilə üzrə, 1064,00 (bir min altmış dörd ) manat ödənilməmiş hissə, 106 (bir yüz altı) manat cərimə olmaqla, cəmi 1170,00 (bir min yüz yetmiş) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş 26.10.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2683/20 saylı, 10.09.2020-ci il tarixli icra sənədlərində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 04.03.2022-ci il tarixli qərarla Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi borclunun məcburi qaydada gətirilməsi haqqında qərar 04.03.2022-ci il tarixdə qəbul edilmişdir. Təqdimata həmin tarixə qədər borclunun icra məmuru tərəfindən çağırılmasını və borclunun çağırışa gəlməkdən boyun qaçırmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, borclunun üzrsüz səbəbdən icra məmurunun çağırışına əsasən icra idarəsinə getməməsi öz təsdiqini tapmamışdır. Buna görə də təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar