Məhkəmə qərarları › İş №8(044)-112/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-112/2022

10.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-112/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(001)- 4900/2017 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(001)-4900/2017 saylı icra sənədinə əsasən cavabdeh Borclu 1727 (min yeddi yüz iyirmi yeddi) manat borc pul və 07 (yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq, Tələbkar hesabına ödənilməsi qət edilmişdir. Təqdimata baxılması barədə iş üzrə tərəflərə və Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, Gəncə şəhəri üzrə İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, həmin icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu istifadəsində olan 055 768 88 87 saylı mobil nömrə ilə 10.01.2022-ci il tarixdə saat 12:00-da əlaqə saxlanılmış, 13.01.2022-ci il tarixdə saat 11:00-a Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilmiş, gəlməyəcəyi halda məcburi gətirilməsi haqqında qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, hər hansi üzrlü səbəb göstərmədən Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də barəsində 13.01.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Qeyd edilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən təqdimatın təmin olunmasını, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(001)-4900/2017 saylı icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 25 yanvar 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayev 13 yanvar 2022-ci il tarixdə Borclu məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(001)- 4900/2017 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar