Məhkəmə qərarları › İş №8(044)-124/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-124/2022

04.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-124/2022 04.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Borclu, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 iştirakı ilə, 2-saylı ƏVBİ-nin **********213500 nömrəli 17.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar tələbin Borclu məxsus Daimler Chrysler E280 minik markalı **-CT-*** dövlət nömrə nişanlı və Opel Vectra minik markalı **-VV-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cərimə meydançasına yerləşdirilməsi və tələbin həmin əmlaklara yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12-saylı ƏVBİ-nin **********213500 nömrəli 17.02.2021-ci il tarixli qərarına əsasən Borclu 13865.10 manat vergi borcunun tutulması qət edilmişdir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi 04.05.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 06.05.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və 12-saylı ƏVBİ-nə göndərilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilsədə, lakin borclu tələbi könüllü icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.2-ci, 45.6 maddəsinə borclunun tələbi yönəldə biləcək əmlakının olub-olmaması barədə aidiyyəti orqanlara sorğu verilmişdir. Məlum olmuşdur ki, Daimler Chrysler E280 minik markalı **-CT-*** dövlət nömrə nişanlı və Opel Vectra minik markalı **-VV-*** dövlət nömrəli nişanlı avtomobillər Borclu adına qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 45-ci və 50-ci maddələrini rəhbər tutaraq Borclu məxsus Daimler Chrysler 7280 minik markalı **-CT-*** dövlət nömrə nişanlı və Opel Vectra minik markalı **-VV-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyularaq, cərimə meydançasına yerləşdirilməsinə və tələbin həmin əmlaklara yönəldilməsinə dair təqdimata baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru təqdimatı müdafiə edərək bildirmişdir ki, borclu bugunə kimi cəmi 2500 manat ödəniş etmiş, Daimler Chrysler avtomobilin bazar qiyməti təxminən 13000 manat təşkil edir. Sonda o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmədə borcundan 2500 manat ödəniş etdiyini, təqdimatın yalnız Daimler Chrysler avtomobilinə münasibətdə təmin edilməsini xahiş etmiş, bildirmişdir ki, həmin avtomobilin bazar qiyməti 16000 manat təşkil edir. Sonda o, qalan borcunu 6-7 ay ərzində ödəyəcəyini təqdimatın qismən təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildirişlər verilmiş, lakin tələb icra olunmamış, bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Elektron Məhkəmə sistemindən görünür ki, Borclu məxsus Daimler Chrysler E280 minik markalı **-CT-*** dövlət nömrə nişanlı və Opel Vectra minik markalı **-VV-*** dövlət nömrə nişanlı qeydiyyat nişanlı avtomaşınlar vardır. Məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığından tələb borcluya məxsus olan əmlaka yönəldilməli və həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Lakin bununla belə məhkəmə icra sənədi üzrə tələbin miqdarını və həcmini nəzərə alaraq hesab edir ki, borclunun mülkiyyətində olan Daimler Chrysler E280 minik markalı **- CT-*** dövlət nömrə nişanlı avtomobil tələbin ödənilməsinə kifayət etdiyindən yalnız həmin avtomobilin üzərinə həbs qoyulmalı və tələb həmin avtomobilə yönəldilməlidir. Həmçinin məhkəmə İcra haqqında Qanunun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin əmlaka yönəldilməsi prosedurlarından yalnız əmlakın üzərinə həbs qoyulması məhkəmənin səlahiyyətinə aid edildiyindən və tələbin əmlaka yönəldilməsinin digər mərhələləri, yəni qanunvericilikdə avtomobilin tutularaq cərimə meydançasına salınması kimi məcburi icra tədbiri nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı qismən təmin edilsin. 12-saylı ƏVBİ-nin **********213500 nömrəli 17.02.2021-ci il tarixli icra sənədi üzrə tələb Borclu məxsus Daimler Chrysler E280 minik markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin üzərlərinə həbs qoyulsun və tələb həmin avtomobilə yönəldilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar