Məhkəmə qərarları › İş №8(044)-162/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-162/2022

29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-162/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2-2(104)-36/21 saylı icra sənədinin icrası ilə bağlı Borclu MMC-yə məxsus torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin torpaq sahəsinə yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimov Borclu MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.1120 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına və açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin borcun hesabına Tələbkar ödənilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2-2(104)-36/21 saylı icra sənədinə əsasən Borclu MMC-dən 65420 (altmış beş min dörd yüz iyirmi) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar Tələbkar ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflərə və Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru İlkin Qədimov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasının könüllü təmin olunması məqsədi ilə Borclu MMC-yə 10 gün müddətində vaxt verilmişdir. Lakin borclu bildirişi və xəbərdarlıqları almağına baxmayaraq bu günə kimi tələbi könüllü icra etməmişdir. Borcluya məxsus əmlakı müəyyən etmək məqsədi ilə məcburi icra tədbirləri həyata keçirilərək Borclu MMC-nin adına mülk, avtomaşın, vergi ödəyicisi kimi əmanət olub-olmaması, təqaüd alıbalmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və nəticədə Borclu MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.1120 ha torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinin olması məlum olmuşdur. Hazırda Borclu MMC-nin icra sənədi üzrə cəmi 65450 manat borcu qalmaqdadır. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələbin Borclu MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.1120 ha torpaq sahəsinə və ünvan 2 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahələrinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, Borclu MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.1120 ha torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına və açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin borcun hesabına Tələbkar ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdimata əlavə edilmiş “əmlak məlumatları” barədə sorğunun surətindən görünür ki, Borclu MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 0.1120 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 0.0730 ha torpaq sahələrinin olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli və Borclu MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.1120 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu MMC-nin adına qeydiyyatda olan ünvan 1 ünvanında yerləşən 0.1120 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar