Məhkəmə qərarları › İş №8(044)-163/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-163/2021

16.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-163/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli, 2(044)-2370/2019 saylı icra sənədinin icrası ilə əlaqədar borclunun əmlakının üzərinə həbs qoyulması, tələbin həmin əmlaka yönəldilməsi və açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin borclunun hesabına tələbkara ödənilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2370/2019 saylı, 24.07.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 15.030 manat məbləğində pul tutularaq tələbkar X1 ödənilməsi qərara alınmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbin könüllü icrası üçün Borclu 10 gün müddətində vaxt verilmişdir. Lakin borclu tələbi könüllü icra etməmişdir. Borcluya məxsus əmlakı müəyyən etmək məqsədi ilə məcburi icra tədbirləri həyata keçirilərək Borclu adına əmlakın olub-olmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və aparılmış icra tədbirləri nəticəsində Borclu adına Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 8, 27 nömrəli mənzil olduğu müəyyən edilmişdir. Buna görə də Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ülvi Əlizadənin təqdimatla məhkəməyə müraciət edərək tələbin borclunun adına qeydiyyata alınmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 8, 27 nömrəli mənzilin üzərinə həbs qoyularaq hərraca çıxarılması xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmamalıdır. Təqdim olunmuş materiallar araşdırılarkən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi və bir sıra icra hərəkətləri aparılsa da, borclunun tələbin könüllü icrasını təmin etmədiyi müəyyən olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli Qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı müəyyən edilmişdir. Həmin əmlak növlərindən biri də həmin Siyahının 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpaqdır (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə). İcra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş materiallarda Borclu məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 8, 27 nömrəli mənzildən başqa, borclunun digər yaşayış yerinin olmasına dair hər hansı məlumatlar müəyyən edilməmişdir. Odur ki, məhkəmə təqdimata əlavə olunmuş sənədləri məcmu halda araşdıraraq hesab edir ki, Borclu məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 8, 27 nömrəli mənzilin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar