Məhkəmə qərarları › İş №8(044)-174/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-174/2022

31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-174/2022 31.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyevanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyeva Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli 2(009)-2865/2019 saylı icra sənədinə əsasən Borclu 13 aprel 2004-cü il təvəllüdlü Hüseynova Aydan Rövşən qızının və 17 mart 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat sabit pul məbləğində, cəmi 320 (üç yüz iyirmi) manat aliment tutularaq Tələbkar Nəsrəddinovanın xeyrinə ödənilməlidir. Tələbkar 30.03.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq 31.03.2022-ci il tarixə saat 14:10-a təyin edilmiş məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs və borclu təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata, təqdimat vermiş şəxsin və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyeva təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 11.02.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığından , “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. Belə ki, borcluların adına bankda pul vəsaitinin, depozitin, əmanətin, habelə daşınar və yaxud daşınmaz əmlakın olub-olmaması haqqında aidiyyatı qurumlara sorğular edilmiş, lakin adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Borclu öz hərəkətsizliyi ilə icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığını sübuta yetirmişdir. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə borc tam şəkildə ödənilənədək iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli 2(009)-2865/2019 saylı icra sənədinə əsasən Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli 2(009)-2865/2019 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar