Məhkəmə qərarları › İş №8(044)-207/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-207/2022

11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-207/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, X1 maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «uşağın övladlığa götürülməsi»nə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(044)-248/2022 saylı qətnaməsinə izah verilməsi barədə Gəncə şəhəri rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Əhmədovun ərizəsinə Gəncə şəhərində məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(044)- 248/2022 saylı qətnaməsinə əsasən ərizə qismən təmin edilmiş, 22.06.2018-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X2 X6 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli, AZ-İV 124534 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi, Yeni doğum haqqında şəhadətnamə verilən zaman valideyinlər kimi X2 doğum haqqında şəhadətnamənin ata qrafasında Qoşqar, ana qrafasında X3 qeyd olunması, X2 doğum yerinin Gəncə şəhəri, adın “Yasin”, ata adının “Qoşqar”, ana adının “Mahparə”, soyadının “Kamalzadə”, doğum tarixinin “20 iyun 2018-ci il” qeyd edilməsi qət edilmişdir. Gəncə şəhəri rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Əhmədov ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(044)-248/2022 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(044)-248/2022 saylı qətnaməsi icra edilməsi üçün Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə göndərilmişdir. Qətnamənin qət etdi hissəsində 22.06.2018-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X2 X6 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli, AZ-İV 124534 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi, Yeni doğum haqqında şəhadətnamə verilən zaman valideyinlər kimi X2 doğum haqqında şəhadətnamənin ata qrafasında Qoşqar, ana qrafasında X3 qeyd olunması, X2 doğum yerinin Gəncə şəhəri, adın “Yasin”, ata adının “Qoşqar”, ana adının “Mahparə”, soyadının “Kamalzadə”, doğum tarixinin “20 iyun 2018-ci il” qeyd edilməsi qət edilmişdir. X5 barəsində Mingəçevir şəhər Qeydiyyat şöbəsində tərtib olunmuş 28.06.2018-ci il tarixli 503 saylı doğum haqqında akt qeydinə baxış keçirilərkən müəyyən olunmuş ki, X5 barəsində 28.06.2018-ci il tarixdə 43 saylı atalğın müəyyən olunması haqqında akt qeydi tərtib olunmuş, atasının “X4” olması müəyyənləşdirilməklə ayrı-ayrılıqda həm doğum haqqında, həm də atalğın müəyyən olunması haqqında şəhadətnamə verilmişdir. Məhkəmənin 25 yanvar 2022-ci il tarixli 2(044)-248/2022 saylı qətnaməsində isə yalnış doğum haqqında şəhadətnamənin ləğv olunması, həmçinin doğum haqqında şəhadətnamə verilərkən ataya aid məlumatlarda yalnız atanın adının “Qoşqar” kimi yazılması göstərilmişdir. Odur ki, qətnaməyə izah verilməsini, X5 barəsində Mingəçevir şəhər Qeydiyyat şöbəsində tərtib olunmuş 28.06.2018-ci il tarixli 503 saylı doğum və 43 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin valideyinlər haqında məlumat bölməsində ata qrafasında hansı məlumatların yazılmasına dair qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizəyə baxılması barədə ərizəçi və maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən ərizəyə ərizəçi və maraqlı şəxslərin nümayəndlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, əsaslılığını yoxlayaraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, 25 yanvar 2022-ci il tarixli 2(044)-248/2022 saylı qətnaməsinə əsasən ərizə qismən təmin edilmiş, 22.06.2018-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X2 X6 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli, AZ-İV 124534 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi, Yeni doğum haqqında şəhadətnamə verilən zaman valideyinlər kimi X2 doğum haqqında şəhadətnaməsinin ata qrafasında Qoşqar, ana qrafasında X3 qeyd olunması, X2 doğum yerinin Gəncə şəhəri, adın “Yasin”, ata adının “Qoşqar”, ana adının “Mahparə”, soyadının “Kamalzadə”, doğum tarixinin “20 iyun 2018-ci il” qeyd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə qətnaməyə izah verilməsi ilə bağlı ərizənin təmin olunması qətnamənin məzmunun dəyişməsinə səbəb ola bilər. Eyni zamanda, qanunvericilikdə qətnamənin icrasına hazırki qaydada izah verilməsi ilə bağlı göstəriş verilməmişdir, buna görə də qətnaməyə izah verilməsinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(044)- 248/2022 saylı qətnaməsinə izah verilməsi barədə Gəncə şəhəri rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Əhmədovun ərizəsi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(044)- 248/2022 saylı qətnaməsinə izah verilməsi barədə Gəncə şəhəri rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Əhmədovun ərizəsi təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar