Məhkəmə qərarları › İş №8(044)-209/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-209/2022

25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-209/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Tələbkar iştirakı ilə, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-1159/2021 saylı, 29.03.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-1159/2021 saylı, 29.03.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 16 fevral 2021-ci il tarixdən başlayaraq 16.10.2017-ci il təvəllüdlü X2 və 28 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq sürəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası haqqında borcluya bildiriş poçt vasitəsi ilə göndərilmişdir. Lakin tələb Borclu tərəfindən könüllü təmin edilməmişdir. Tərəfindən Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması xəbərdarlıq olunmuşdur. Müəyyən olunmuşdur ki, Borclu Azərbaycan Respublikasının hüdudlarını tez-tez tərk edir. Bütün xəbərdarlıqlara, qanunvericilikdə nəzərdə tutulmuş qaydalar ona izah olunmasına baxmayaraq, Borclu öz hərəkətsizliyi ilə, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığını sübüta yetirmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qeyd edilənləri nəzərə alaraq iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etdi. Tələbkar məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borclu keçən ilin may ayında burda olub. Hazırda onun 2000 manat borcu vardır. Sonda tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-1159/2021 saylı, 29.03.2021-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar