Məhkəmə qərarları › İş №8(044)-330/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-330/2022

11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-330/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(043)-1706/2020 saylı icra sənədinin icrası ilə bağlı Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadə Borclu adına qeydiyyatda olan “QAZ 33021” yük markalı, **-LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və tələbin həmin avtomobilə yönəldilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(043)-1706/2020 saylı icra sənədinə əsasən Borclu 30 aprel 2020-ci il tarixdən başlayaraq 01 yanvar 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar bildirdi ki, Borclu aliment borcunu ödəmir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etdi. Təqdimata baxılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş və təqdimata iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Ruslan Əlizadə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 21.07.2020-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 21.07.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və məhkəməyə göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə uyğun olaraq tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə yönəldiyindən, borcluların manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmaması barədə sorğu verilmişdir. Lakin sorğuların cavabına əsasən borclunun adına heç bir bank hesabı və digər kredit təşkilatlarında pul vəsaitləri olmadığı müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələbinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus digər əmlaka yönəlir. Belə ki, borclunun tələbi yönəldə biləcək əmlaklarının olub-olmaması barədə aidiyyəti orqanlara sorğu verilmişdir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Borclu adına “QAZ 33021” yük markalı, **-LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qeydiyyata alındığı müəyyən edilmişdir. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci, 45-ci və 50-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli qərarını rəhbər tutaraq tələbi Borclu adına qeydə alınmış “QAZ 33021” yük markalı, **-LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdimata əlavə edilmiş “nəqliyyat vasitəsi barədə məlumat”-ın surətindən görünür ki, Borclu məxsus “QAZ 33021” yük markalı, **-LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vardır. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, icra sənədi üzrə borc məbləğini nəzərə alaraq Borclu məxsus “QAZ 33021” yük markalı, **-LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “QAZ 33021” yük markalı, **-LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar