Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-354/2022 12.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(044)-2215/2020 saylı icra sənədinə əsasən borclu Borclu 1 ədəd mavi rəngli kəpənək formalı qarnitur (üzük, sırğa, klon, sep) əyyarı 585 sadə çəkisi 23 qram-dəyəri 1570 manat, 1 ədəd sadə alyans üzük 585 əyarlı çəkisi 4 qram-dəyəri 280 manat, 1 ədəd sallama brilliant qarnitur (üzük, braslet, kolyesi, sırğa və sep) 750 əyyarlı 3.7 karatlıq çəkisi 26.7 qram-dəyəri 3970 manat olan qızıl-zinət əşyaları, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri alınaraq İsmayılova (Babayeva) Günay Mahir qızına ödənilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh icranı təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Borclu barəsində müvafiq qaydada sorğular edilmiş və borcluya məxsus heç bir qiymətli əmlak aşkar edilməmişdir. Aparılan araşdırmalar zamanı Borclu ölkə hüdudlarında kənara çıxma ehtimal olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ökdən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab etmişdir. Hazırda icra sənədi üzrə Borclu qızıl-zinyət əşyalarının dəyəri olan 5820 manat borcu qalmaqdadır. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə əsasən, iş üzrə borclu xx.xx.1987-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı vermiş şəxs və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2 və 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbədən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin hazırkı iş üzrə icra məmuru tərəfindən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması barədə yoxlama cavabı mövcud deyil. Təlimatın 2.6-cı bəndində qeyd olunmuşdur ki, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verdikdə bu barədə borcluya və tələbkara “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə məlumat göndərir. Lakin təqdimata həmin məlumatın verilib – verilməməsi ilə bağlı hər hansı bir sənəd əlavə olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Şərh olunan normanın məzmununa görə borclunun ölkədən getmək hüququ barədə təqdimat icra məmuru tərəfindən əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, təqdimatın əsaslandırılması dedikdə icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Hazırki halda təqdimatda belə bir zərurətin nədə ifadə olunduğu qeyd olunmamışdır. X2 Məhkəməsi «Xyustov Rusiyaya qarşı» işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hər hansı bir əsas göstərilməmişdir. İcra məmurları tərəfindən həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X2 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun məhdudlaşıdırılması ilə bağlı tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Avropa Məhkəməsinin mövqeyinə görə konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur, buna görə də məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(044)- 2215/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru İlkin Qədimovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-354/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-354/2022
12.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver