Məhkəmə qərarları › İş №8(044)-46/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-46/2022

14.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-46/2022 14.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli, 2(007)-678/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli, 2(007)-678/2020 saylı icra sənədinə əsasən Borclu hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin alınaraq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək həmin icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir.Tələbin könüllü icrası haqqında borcluya bildiriş sms vasitəsilə göndərilmişdir. Lakin tələb Borclu tərəfindən könüllü təmin edilməmişdir. Bununla belə Borclu tərəfimizdən axtarışa verilmiş, tapılıb Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi təmin edilmiş, 10.11.2021-ci il tarixdə ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Borclu 4 aydır aliment ödəmir.Nəticədə onun 727,50 manat borcu yaranmışdır.Tərəfimizdən Borclu Gəncə şəhər üzrə İcra idarəsinə dəvət olunmuş, ancaq borclu idarəyə gəlməmişdir. Bununla yanaşı icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq olunmuşdur. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığı üçün “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında təlimat”ın 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş bütün qaydalar həyata keçirilmişdir. Yəni Borclu adına bankda pul vəsaitinin, depozitinin, əmanətin habelə daşınar və yaxud daşınmaz əmlakının olub olmamasına dair aiddiyatı dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlak aşkar etmək mümkün olmamışdır. Bütün bu xəbərdarlıqlara, qanunvericilikdə nəzərdə tutulmuş qaydalar ona izah olunmasına baxmayaraq, Borclu öz hərəkətsizliyi ilə, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığını sübuta yetirmişdir. “Məhkəmələr və Hakimlər Haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Borclu məhkəmə iclasında bildirmişdir ki, o, heç vaxt borcundan yayınmamış, sadəcə olaraq işdən çıxdığı üçün borcunu az-az ödəmişdir. O, məhkəmə qərarlarına hörmətlə yanaşır, icra məmurunun çağırışlarına vaxtında getmişdir. Sonda borclu təqdimatın rədd edilməsini xahiş etdi. Təqdimatı vermiş şəxs və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2 və 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.6-cı bəndində qeyd olunmuşdur ki, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verdikdə bu barədə borcluya və tələbkara “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə məlumat göndərir. Lakin təqdimata həmin məlumatın verilib – verilməməsi ilə bağlı hər hansı bir sənəd əlavə olunmamışdır. Həmin Təlimatın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbədən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün təbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin hazırkı iş üzrə icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün bütün təbirlərin həyata keçirilməsini göstərən sənədlər iş materiallarına əlavə edilməmiş, borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanılmamışdır. Halbuki, təlimatın 2.3 və 2.3.4-cü bəndində qeyd olunmuşdur ki, icra sənədi üzrə tələb borclunun əmlakına yönəldikdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Yəni, sorğuların göndərildiyi və borcun yönəldilə biləcəyi əmlak aşkar edildiyi təqdirdə, ümumiyyətlə təqdimatla məhkəməyə müraciət olunmasına yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Şərh olunan normanın məzmununa görə borclunun ölkədən getmək hüququ barədə təqdimat icra məmuru tərəfindən əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, təqdimatın əsaslandırılması dedikdə icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Hazırki halda təqdimatda belə bir zərurətin nədə ifadə olunduğu qeyd olunmamışdır. X4 Məhkəməsi “Xyustov Rusiyaya qarşı” işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hərhansı bir əsas göstərilməmişdir. İcra məmurları tərəfindən həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X4 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun məhdudlaşıdırılması ilə bağlı tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Avropa Məhkəməsinin mövqeyinə görə konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda şərh olunan hüquq norması (84-1maddə) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun “Məhkəmə və digər orqanların qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinin pozulmasına görə məsuliyyət fəslində əks olunmuşdur. Bu onu göstərir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması borclunun barəsində tətbiq olunması nəzərdə tutulan məsuliyyət tədbiridir. Hüquqi mövqeyə görə şəxsin məsuliyyəti o halda yaranır ki, onun təqsiri sübuta yetirilmiş olsun. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi halı mövcud olmadığından borclu icra sənədini icra etməməyə görə təqsirli hesab edilə bilməz və onun barəsində məsuliyyət tədbirinin tətbiq edilməsi qanuni olmamaqla yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli, 2(007)-678/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar