Məhkəmə qərarları › İş №8(044)-531/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-531/2021

21.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-531/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Borclu məxsus “VAZ-21074” markalı 20-BR-50 dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərov Borclu məxsus “VAZ- 21074” markalı 20-BR-50 dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2(044)-26/2014 saylı icra sənədinə əsasən Borclu 32.890,22 manat məbləğində maddi ziyanın və 34.560 manat məbləğində əsas borcun, 144.627 manat faiz borcunun və 10 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, borclu tələbi könüllü icra etmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli 8(044)-35/2015 saylı qərardadı ilə borcluya məxsus “VAZ-21074” markalı 20-BR-50 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2(044)-26/2014 saylı icra sənədi Gəncə Apelyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(104)-937/2021 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Odur ki, Borclu məxsus “VAZ-21074” markalı 20-BR-50 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli 8(044)-35/2015 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus “VAZ-21074” markalı 20-BR-50 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2(044)-26/2014 saylı icra vərəqəsi üzrə tələbin ödənilməsinin “VAZ-21074” markalı 20-BR-50 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(104)-937/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2(044)-26/2014 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Tələbkar SKB-nin cavabdeh Borclu qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2015ci il tarixli 8(044)-35/2015 saylı qərardadı ləğv olunmalı və Borclu məxsus “VAZ-21074” markalı 20-BR-50 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli 8(044)-35/2015 saylı qərardadı ləğv olunsun. Borclu “VAZ-21074” markalı 20-BR-50 dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar