Məhkəmə qərarları › İş №8(046)-13/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-13/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-13/2024 23.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Təqdimat vermiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Borclu iştirakı ilə, İcra sənədi üzrə Borclu barəsində «məcburi gətirilmə» tədbirinin tətbiq olunması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 12 aprel 2023-cü tarixli, 2(046)-851/2023-cü il saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 233 manat 90 qəpik əsas, 35 manat cərimə, cəmi 268 manat 90 qəpik, xx.xx.2022-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 356 manat 40 qəpik əsas, 53 manat 40 qəpik cərimə, cəmi 409 manat 80 qəpik, xx.xx.2022-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 231 manat 70 qəpik əsas, 34 manat 70 qəpik cərimə, cəmi 266 manat 40 qəpik və xx.xx.2021-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 47 manat 30 qəpik əsas, 7 manat cərimə, cəmi 54 manat 30 qəpik, ümumilikdə dörd müqavilə üzrə 999 manat 40 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməsi qət edilmişdir. Məhkəmə iclasında təqdimat vermiş şəxs X2 izahat verərək göstərmişdir ki, icra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. Bildirişi aldıqdan sonra Borclu borcundan heç bir ödəniş etməmişdir. Daha sonra borcluya təkrarən göndərilən “tələbin könüllü icra haqqında” bildirişə, çağırışa, edilən xəbərdarlığa baxmayaraq o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış və icra sənədi üzrə tələbi təmin etməməklə tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. Bundan başqa dəfələrlə tərəfindən borcluya şifahi və yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq bir nəticəsi olmamış, qərəzli şəkildə icra sənədini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Borclu izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan ümumilikdə 999 manat 40 qəpik məbləğində pulun alınaraq tələbkar "xxxx" MMC-nə verilməsi qət edilmişdir. Səhhəti ilə bağlı ciddi narahatçılıqlar olduğu üçün heç yerdə işləyə bilmir. Bu səbəbdən də, borcunu bir dəfəyə ödəməyə maddi imkanı çatmamışdır. Borclu olduğu pulu ödəməsi ilə bağlı icra şöbəsinə gedərək icra məmuruna sözügedən məbləği aylıq hissə-hissə ödəməsini təklif etmiş, lakin buna baxmayaraq icra məmuru ondan borc məbləğinin ödənilməsini tam şəkildə tələb etmişdir. Hal-hazırda maddi vəziyyəti olmadığı üçün borc məbləğini tam şəkildə ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan təqdimata baxıb təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Göyçay şəhəri, Səyyaf Xəlilov küçəsi, dalan 3, ev 4-də yaşayan Borclu icra işinin icrası ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi üçün Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmiş, qəbul edilmiş qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilməmiş, həmin qərar məlumat üçün borcluya göndərilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, borclu məhkəməyə və icra şöbəsinə könüllü olaraq gəldiyi üçün onun Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə zərurət aradan qalxdığından, borclunun Göyçay rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDİ: Göyçay şəhəri, Səyyaf Xəlilov küçəsi, dalan 3, ev 4-də yaşayan Borclu Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar