Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-2/2024 30.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 2(046)-1718/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu 5500 manat pul və 75 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimatda göstərilmişdir ki, icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdə “icraata başlama haqqında” qərar qəbul edilərək bildirişlə birlikdə Borclu göndərməklə ona eyni zamanda hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa o, Göyçay rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılaraq mövcud borcunun ödənilməsi təklif olunmuş, lakin tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Belə olduğu halda icra tədbirləri davam etdirilməklə, müxtəlif tarixlərdə borclunun yaşadığı evə baxış keçirilmiş, lakin Borclu yaşadığı evə baxış keçirilən zaman onun evində ailənin zəruri ehtiyacını ödəyə biləcək əmlaklarından başqa hər hansı bir qiymətli əşya və əmlakl aşkar olunmamışdır. Borclu barəsində sorğular edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışda ona məxsus hər hansı bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Bütün bunlardan sonra Borclu ünvanına dəfələrlə rəsmi bildirişlər göndərilmiş və o, şöbəyə çağırılmışdır. Amma sonuncu rəsmi bildirişlərə məhəl qoymayaraq barəsində olan pul borcunu tələbkarın xeyrinə ödəməmişdir. Məhkəmə qərarının icrasından yayınmaq məqsədi ilə istənilən vaxt uzun müddətə ölkə hüdudlarını tərk etmə ehtimalı vardır. Ona görə də Borclu ölkədən getmək hüquqları borc ödənilib qurtaran günədək məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş borclu, tələbkar və təqdimat verən orqana göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmiş, Borclu və təqdimat verən Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə təqdimat verən şəxsin izahatını nəzərə alaraq, təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2.1,2.2.2 və 2.2.3-ci bəndlərinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimata əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, icra məmuru tərəfindən «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2-ci bəndinin şərtlərinə riayət edilmədən məhkəməyə təqdimat verilmişdir. Belə ki, icra işinə əlavə edilmiş sənədlərdən borcluya bildirişin rəsmən təqdim edilməsini təsdiq edən sənədin olması müəyyən olunmamış, habelə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini müəyyən etmək üçün izahatı alınmamışdır. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1718/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: 2(046)-1718/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №8(046)-2/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-2/2024
30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver