Məhkəmə qərarları › İş №8(046)-9/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-9/2024

15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-9/2024 15.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Təqdimat vermiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Tələbkar iştirakı ilə, İcra sənədi üzrə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü tarixli, 2(046)-1557/2023-cü il saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7000 manat pul və dövlət rüsumu üçün ödənilmiş 110 manat məbləğində pulun 85 manat hissəsi alınaraq Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə iclasında təqdimat vermiş şəxs X2 izahat verərək göstərmişdir ki, icra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. Bildirişi aldıqdan sonra Borclu tələbkarla birlikdə şöbəyə gəlmiş lakin borcunu tələbkarın xeyrinə ödəməmişdir. Daha sonra borcluya təkrarən göndərilən “tələbin könüllü icra haqqında” bildirişə, çağırışa, edilən xəbərdarlığa baxmayaraq o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış və icra sənədi üzrə tələbi təmin etməməklə tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. Bundan başqa borclunun mobil telefonuna zəng etməsinə baxmayaraq, o zənglərə cavab verməmiş, borclu olduğu pulu ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Məhkəmə iclasında Tələbkar izahat verərək göstərmişdir ki, Borclu ona borclu olduğu pulu ödəmir. Borclu mobil telefonuna zəng edərək borclu olduğu pulu tələb etməsinə baxmayaraq o, borcunu ödəməyəcəyini bildirmişdir. Borclu barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Borclu göndərilmiş bildirişdən görünür ki, Göyçay Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü tarixli, 2(046)-1557/2023-cü il saylı icra sənədinin icra olunması izah olunmuş, bununla əlaqədar şöbəyə çağırılması, gəlmədiyinə görə barəsində qəbul edilmiş «Borclunun məcburi gətirilməsi haqqında» qərarı məlumat üçün ona göndərilmiş və borclu tərəfindən şəxsən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir (poçtdan alınmış xəbərnamə). «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan Göyçay Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü tarixli, 2(046)-1557/2023-cü il saylı icra sənədinə əsasən Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq edilməli, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 297-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü tarixli, 2(046)-1557/2023-cü il saylı icra sənədi üzrə borclu Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan Borclu barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilmə tədbiri tətbiq edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar