Məhkəmə qərarları › İş №8(047)-13/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-13/2025

23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-13/2025 23.06.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Laçın Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(047)-586/2016 saylı məhkəmə əmrinin məhkəməyə qaytarılması haqqında Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli qərarının ləğv edilməsi barədə TələbkarASC-nin şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Laçın Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(047)-586/2016 saylı məhkəmə əmrinə əsasən xx.xx.1990-cı il tarixdə Laçın rayonu Güləbird kəndində anadan olan və Laçın rayonu Güləbird kəndində qeydiyyatda olan, hal-hazırda məcburi köçkün kimi Sumqayıt şəhəri, Betonzavod ev 495-də məskunlaşan Borclu 2696,46 manat əsas, 338,46 manat faiz borcu, cəmi 3034,92 manat borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq AZ 1014 Bakı şəhəri Füzuli küçəsi 71-də yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmış, qeyd edilən məhkəmə əmri icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş, lakin iş üzrə Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli qərarına əsasən həmin icra sənədi icra olunmadan Laçın Rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda Tələbkar ASC məhkəməyə şikayət ilə müraciət edərək Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ASC şikayəti onunla əsaslandırmışdır ki, Laçın Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli 2(047)-586/2016 saylı məhkəmə əmrinə əsasən Borclu 2696,46 manat əsas, 338,46 manat faiz borcu, cəmi 3034,92 manat məbləğində kredit borcunun tutulması əmr edilmiş və məhkəmə əmri icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh Borclu məhkəmə əmrini tam icra etməmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli qərarına əsasən Laçın Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli 2(047)-586/2016 saylı məhkəmə əmri üzrə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Belə ki, icra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə nikah dövründə ərinin (arvadının) adına hər hansı bir daşınar və daşınmaz əmlakının olub olmamasını müəyyən etməmişdir. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərməmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanuna müvafiq tədbirlərin görülməsi qeyd edilsə də Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Ona görə də Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər və Sumqayıt şəhəri üzrə icra idarəsininə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar göstərilən tarixdə məhkəmə iclasına məlum olmayan səbəbdən gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş üzrə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, əlavə edilmiş sənədləri və mülki işdə olan digər sənədləri araşdırıb belə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin 15 aprel 2016cı il tarixli, 2(047)-586/2016 saylı məhkəmə əmrindən görünür ki, xx.xx.1990-cı il tarixdə Laçın rayonu Güləbird kəndində anadan olan və Laçın rayonu Güləbird kəndində qeydiyyatda olan, hal-hazırda məcburi köçkün kimi Sumqayıt şəhəri, Betonzavod ev 495də məskunlaşan Borclu 2696,46 manat əsas, 338,46 manat faiz borcu, cəmi 3034,92 manat borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq AZ 1014 Bakı şəhəri Füzuli küçəsi 71-də yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri üzrə icra idarəsininin 01 may 2025-ci il il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, Laçın Rayon Məhkəməsinin 2(047)-586/2016 saylı, 15 aprel 2016-cı il tarixli icra sənədinin icrası mümkün olmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddələrini rəhbər tutaraq həmin icra sənədinin Laçın Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Bundan başqa, «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında: 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Bundan əlavə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qnunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmçinin, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.3-cü maddəsinin tələblərinə əsasən icra zamanı borclunun yaşayış yeri və ya olduğu yer, yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə, yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir. Həmin Qanunun 10.4-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. Bundan əlavə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Bundan başqa, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Beləliklə məhkəmə iclasında tədqiq olunan sənədlərə əsasən belə müəyyən edilir ki, Borclu məhkəmə qərarını icra etmədiyinə görə onun müvafiq inzibati məsuliyyətə, həmçinin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ilə bağlı müvafiq sənədlər icra sənədinin geri qaytarılmasına dair qərara əlavə olunmamışdır. Bundan başqa icra sənədinin geri qaytarılmasına dair qərara icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar müvafiq icra hərəkətlərinin edilibedilməməsi ilə bağlı müvafiq sənədlər də əlavə olunmamışdır. Həmçinin icra məmuru tərəfindən borclunun ünvanının müəyyən edilməsi ilə bağlı hər hansı bir icra hərəkəti həyata keçrilməmiş, eyni zamanda borclunun adına hər hansı bir daşınar və ya daşınmaz əmlakların olub-olmaması ilə bağlı müvafiq idarələrə sorğular tam göndərilməmiş, bundan başqa borclunun müvafiq dövlət orqanlarından pensiya, sosial müavinət alıb-almaması barədə icra məmuru tərəfindən hər hansı bir icra hərəkətləri də yerinə yetirilməmişdir. Eyni zamanda yuxarıda adları sadalanan icra hərəkətlərinin hamısının yerinə yetirilibyetirilməməsi ilə bağlı müvafiq qeydlər də Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli icra sənədinin qaytarılması haqqında qərarında da öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən də məhkəmə belə qənaətə gəlir ki, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün icra tədbirləri həyata keçirilmədiyindən şikayət təmin edilməli, Laçın Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(047)-586/2016 saylı məhkəmə əmri üzrə icra sənədinin məhkəməyə qaytarılması haqqında Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli qərarı ləğv edilməli və icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi vəzifəsi Sumqayıt şəhəri üzrə icra idarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinə əsasən, həmçinin Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: TələbkarASC-nin şikayəti təmin edilsin. Laçın Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(047)-586/2016 saylı məhkəmə əmrinin məhkəməyə qaytarılması haqqında Sumqayıt şəhəri üzrə icra idarəsinin 01 may 2025-ci il il tarixli qərarı ləğv edilsin və icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi vəzifəsi Sumqayıt şəhəri üzrə icra idarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətinə Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar