Məhkəmə qərarları › İş №8(048)-25/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-25/2025

14.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-25/2025 14.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-442/2012 saylı, xx.xx.2012-cü il tarixli icra sənədinə əsasən Borclu 1 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. Bundan başqa, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 1 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment tutularaq tələbkar Məmmədova (Babayeva) Pərvanə Aslan qızına ödənilməlidir. Yuxarıda qeyd olunan hər iki icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbin dərhal könüllü təmin edilməsi tələb edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hər iki icra sənədi üzrə bu vaxtadək aliment məbləğindən heç bir ödəniş olunmamışdır. Hazırda Borclu tələbkar X2 cəmi 9250 manat aliment borcu vardır. Hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Salyan Rayon Məhkəməsinin 2(057)- 506/2024 saylı, 14 mart 2024-cü il tarixli icra sənədindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-442/2012 saylı, 19 noyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 17 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh Borclu hər ay 150 manat olmaqla, sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin 06 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, 14 mart 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 3(048)-206/2025 saylı, 30 iyul 2025-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazırki vaxtadək icra edilmədiyini, eləcə də borc məbləğini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1973-cü il tarixdə Lerik rayonu, Molalan kəndində anadan olmuş, Lerik rayonu, Molalan kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1973-cü il tarixdə Lerik rayonu, Molalan kəndində anadan olmuş, Lerik rayonu, Molalan kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar