Məhkəmə qərarları › İş №8(048)-26/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-26/2025

21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-26/2025 21.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi X9 sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi, Lerik rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Lerik Rayon Məhkəməsinin e-2(048)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamənin hissə-hissə icrasına dair X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin e-2(048)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X3 xx.xx.2022-ci il tarixli kredit ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 773,7 (yeddi yüz yetmiş üç manat yetmiş qəpik) manat əsasə borc,129,09 (yüz iyirmi doqquz manat doqquz qəpik) manat faiz borcu və 25 (iyirmi beş) manat cərimə borcu olmaqla 927,79 (doqquz yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X7” ASC-yə ödənilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin e-2(048)- 485/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ondan tələb olunan məbləğin hər ay 50 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Hazırda rəsmi gəliri 364 (üç yüz altmış dörd) manat təşkil edir.Ailəsinin digər ehtiyaclarını və eyni zamanda artıq ödədiyi digər kedit öhdəliklərini nəzərə alaraq,yaranmış borcu tam şəkildə və birdəfəlik ödəmək imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Lerik rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 etiraz edərək bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin e-2(048)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi icra edilməsi üçün Lerik rayon İcra probasiya şöbəsinə yönəldilmiş, xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.Eyni zamanda bildirmişdir ki,X1 "xxxx" MMC-də işləyərək 400 manat əmək haqqı alır.Buna görədə ərizəsinin hissə-hissə təmin edilməsi tələbkar “X7” ASC-nin etirazina səbəb olacagını bildirərək,ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin e- 2(048)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ondan ümumlikdə 958,19 manat pul vəsaiti tutulub “X7" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə hal-hazırda icra edilməsi üçün Lerik rayon İcra Şöbəsinə göndərilmiş və icra məmurunun icraatındadır. İş materiallarında olan Lerik Rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, X1na 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumatdan görünür ki,X8 "xxxx" MMC-də işə götürülərək 400 manat əmək haqqı alır. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə qərarının icrası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Məhkəmə onu da qeyd edir ki, borclu qətnamənin icrası üçün çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz hallara dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, borc məbləğini nəzərə alaraq, qətnamənin borclunun xahiş etdiyi qaydada – hissə-hissə icra edilməsi halında məhkəmə qərarının uzun müddət ərzində icra olunması ilə nəticələnəcəyini, bu halın isə tələbkarın mənafeyinə zidd olduğunu nəzərə alaraq icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsinin e- 2(048)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin e-2(048)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar