Məhkəmə qərarları › İş №8(048)-29/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-29/2024

15.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-29/2024 15.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-223/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-223/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)- 223/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 3500 (üç min beş yüz) manat məbləğində pul və 45 (qırx beş) manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Belə ki, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmişdir. Onun tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrası həmin tarixdən bu vaxtadək təmin edilməmiş, Borclu tərəfindən borc məbləğindən heç bir ödəniş olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(048)-29/2024 nömrəli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-223/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Lerik rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixdə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(048)-29/2024 nömrəli qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(048)-29/2024 nömrəli qərardadı ilə Lerik rayon İcra və Probasiya şöbəsinin verdiyi şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Daha sonra Lerik rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixdə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(048)-29/2024 nömrəli qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(048)-29/2024 nömrəli qərardadı ilə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(048)-29/2024 nömrəli qərardadı ləğv edilmiş və Lerik Rayon Məhkəməsinin 2(048)-223/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata baxılması təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatda göstərilənləri müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamaq məqsədilə Borclu yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı tələbin yönələ biləcəyi əmlaklar aşkar edilməmiş və bu barədə akt tərtib edilmişdir. Bundan əlavə Tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək Borclu qısa vaxt ərzində ölkə hüdudlarını tərk etmək istədiyini bildirmiş və tədbir görülməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin 2(048)-223/2024- 003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 3500 (üç min beş yüz) manat məbləğində pul və 45 (qırx beş) manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş “əmlaka baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-223/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamaq məqsədilə Borclu yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı tələbin yönələ biləcəyi əmlaklar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Tələbkar tərəfindən İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Borclu qısa vaxt ərzində ölkə hüdudlarını tərk etmək istədiyindən tədbir görülməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazırki vaxtadək icra edilmədiyini, eləcə də icra sənədinin icrası zamanı tələbin yönəldilə biləcəyi əmlaklar aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)-223/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1972-ci il tarixdə Lerik rayonu, Barzavu kəndində anadan olmuş, Lerik rayonu, Barzavu kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-223/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1972-ci il tarixdə Lerik rayonu, Barzavu kəndində anadan olmuş, Lerik rayonu, Barzavu kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar