Məhkəmə qərarları › İş №8(048)-29/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-29/2025

08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-29/2025 08.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşan Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Tələbkar- borclular Borclu1 və X2 qarşı “ödənilməli pul məbləğinin indeksasiya olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)-584/2014 saylı məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən 766,12 manat məbləğin indeksləşdirilərək 2014-cü il tarixdən – 2025-ci ilin aprel ayınadək 202,9 faiz artımı (766,12 Azn x 202,9 % = 1554,45 AZN) nəzərə alaraq cəmi 2320,57 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)-584/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və X1 cəmi 766,12 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 766,12 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə icra işinin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)-584/2014 saylı məhkəmə əmri ilə borclular Borclu1 və X1 müştərək qaydada 611,61 manat məbləğində əsas, 133,51 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat dövlət rüsumu olmaqla, ümumilikdə 766,12 manat alınaraq Tələbkar verilməsi qərara alınmışdır. Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)-584/2014 saylı məktubu ilə Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)-584/2014 saylı məhkəmə əmri həmin tarixdə icra edilməsi üçün Lerik Rayon İcra Qrupuna göndərilmişdir. 15 oktyabr 2014-cü il tarixdə Lerik rayon İcra qrupunun icra məmuru Niyammədin Musayev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bununla da, araşdırılmış sübutlarla, Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)- 584/2014 saylı icra sənədinin 15 oktyabr 2014-cü il tarixdən icra edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə” dair xx.xx.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, “İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir”. Həmin Qərarda eyni zamanda, göstərilmişdir ki, “İndeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər.” Həmin Qərarda əlavə olaraq göstərilmişdir ki, “İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir”. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. İş materiallarınada olan Maraqlı şəxs2 tərəfindən Lerik Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 45112/2014 nömrəli məktubdan görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)-584/2014 saylı icra sənədi üzrə borclu şəxsin əmlak vəziyyəti yoxlanılmış,tələbin yönəldiləsi əmlak olmadığından qeyd olunan icra sənədi, “İcra haqqınsa” Azərbaycan Respublikası Qanunun 23.1.3-ci maddəsini rəhbər tutaraq,Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli qərarına əsasən icrasız məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatoruna əsasən müəyyən edilir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)-584/2014 saylı məhkəmə əmrinin məcburi icraata başladığı tarixdən yəni 2014-cü ilin noyabr ayından ərizəçinin xahiş etdiyi kimi 2025-ci ilin aprel ayına olan dövr üzrə 2025-ci ildə aprel ayında 2014-ci ilin noyabr ayına nisbətən istehlak qiymətləri indeksi 202.9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2 dəfə artmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)-584/2014 saylı məhkəmə əmri ilə ödənilməli olan 766,12 manat pul vəsaitinin, məhkəmə əmrinin məcburi icraya yönəldiyi 2014-cü ilin noyabr ayından 2025-ci aprel ayınadək (aprel ayı daxil olmaqla) olan müddət üçün indeksasiyası aparılmalı, indeksasiya əsasında müəyyən edilmiş (766,12 x 202,9%) 1554,45 (min beş yüz əlli dörd manat qırx beş qəpik) manat borc borclular Borclu1 və X1 tutulub Tələbkar verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(048)-584/2014 saylı məhkəmə əmri ilə ödənilməli olan 766,12 (beş yüz otuz doqquz) manat pul vəsaitinin, məhkəmə əmrinin məcburi icraata başladığı tarixdən 2014-cü ilin noyabr ayından 2025-ci aprel ayınadək (aprel ayı daxil olmaqla) olan müddət üçün indeksasiyası aparılsın. İndeksasiya əsasında müəyyən edilmiş 1554,45 (min beş yüz əlli dörd manat qırx beş qəpik) manat borclular Borclu1 və X1 tutulub Tələbkar verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəlilov Rövşən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar