Məhkəmə qərarları › İş №8(048)-36/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-36/2025

21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-36/2025 21.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi ilə, X1 avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 8(048)-47/2013 saylı, 27 avqust 2013-cü il tarixli qərardadının ləğv edilməsi və ona məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı, 1983-cü il buraxlışlı, 994829 mühərik nömrəli, AA 492817 qeydiyyat şəhadətnaməli, “MMZ4502” markalı özüboşaldan yük avtomobilinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, banka borcu olduğundan Lerik Rayon Məhkəməsinin 8(048)-47/2013 saylı, 27 avqust 2013-cü il tarixli qərardadı ilə ona məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı, 1983-cü il buraxlışlı, 994829 mühərik nömrəli, AA 492817 qeydiyyat şəhadətnaməli, “MMZ4502” markalı özüboşaldan yük avtomobilinin üzərindən həbs qoyulmuşdur. Banka olan borcunu tam olaraq ödəmişdir. Hazırda ona məxsus mülkiyyətindən istifadə edə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu, tələbkarın nümayəndəsi və icra məmuru məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni iş materialları əsasında araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-31/2013 saylı, 19 fevral 2013-cü il tarixli qətnaməsindən görünür ki, X3 2500 (iki min beş yüz) manat icarə haqqı, 480 (dörd yüz səksən) manat idarə xərci və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 3000 (üç min) manat pul alınıb "xxxx" ASC-nin Lerik rayon filialının xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 8(048)-47/2013 saylı, 27 avqust 2013-cü il tarixli qərardadından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-31/2013 saylı, 19 fevral 2013-cü il tarixli icra sənədinin icrası məqsədilə tələbin X2na məxsus MMZ- 554 markalı, **-BB-*** qeydiyyat nömrəli və MMZ-4502 markalı, **-BA-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə Lerik rayon dövlət notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixində çap edilmiş nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövcudluğu barədə məlumatdan görünür ki, **-BA-*** dövlət qeydiyyat nişanlı, 1983-cü il buraxlışlı, 994829 mühərik nömrəli, AA 492817 qeydiyyat şəhadətnaməli, “MMZ4502” markalı özüboşaldan yük avtomobilin üzərində qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iclasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ona məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı, “MMZ4502” markalı özüboşaldan yük avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etsə də, iş materiallarından **-BA-*** dövlət qeydiyyat nişanlı, “MMZ4502” markalı özüboşaldan yük avtomobilinin üzərinə həbsin qoyulması müəyyən edilməmiş, Lerik Rayon Məhkəməsinin 8(048)-47/2013 saylı, 27 avqust 2013-cü il tarixli qərardadı ilə tələbin X2na məxsus nəqliyyat vasitəsinə yönəldilməsi qərara alınmış, eləcə də nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövcudluğu barədə məlumatdan da avtomobilin üzərində qeydiyyatla bağlı məhdudiyyətin qoyulduğu müəyyən edilmişdir. Bundan əlavə iş materiallarında X1 "xxxx" ASC-nin Lerik rayon filialına olan borcunun ödənilməsini təsdiq edən heç bir sənəd (tələbkar tərəfindən verilmiş arayış və ya icra sənədi üzrə icraata xitam verilməsi barədə icra şöbəsinin qərarı) aşkar edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar