Məhkəmə qərarları › İş №8(048)-38/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-38/2025

07.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-38/2025 07.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar Lerik Rayon Məhkəməsinin 2(048)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin “ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında nəzərdən baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)- 118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-422/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 onun yanında qalması müəyyən edilmişdir. Alimentin ödənilməsi Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən aralarında bağlanmış sazişə əsasən hər ay 190 manat ödənilməlidir. Lakin borclu alimenti vaxtında ödəmədiyi üçün o, Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-118/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Qətnamə icraya yönəlmiş və icra edilir. Lakin ötən vaxt ərzində cavabdehin verdiyi alimentin məbləği uşağın tələbatını ödəməyə imkan vermir. Belə ki, uşaq böyümüş, artıq 5 yaşı vardır. Uşağın böyüməsi ilə əlaqədar xərcləri artmışdır. O, təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Minimum aylıq əmək haqqının məbləği 2023-cü ildə 345 manat olmuşdur. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq ərizəçi Tələbkar məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasınının iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmiş, Borclu məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, kifayət qədər sübut təqdim etdiyini və həmin sübutlar əsasında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmiş dir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-422/2022 saylı qətnaməsi ilə nikahları pozulduqdan sonra iddiaçı ilə Salyan rayon 1 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixli Barışıq Sazişi imzalayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 190 manat alimentin ödənilməsinə razılaşmışlar. Hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Bununla bağlı bildirir ki, ağır ürək xəstəliyindən əziyyət çəkir və ürək xəstəsi olaraq Şirvan Mərkəzi şəhər Poliklinikasının Kordioloji kabinetində daimi qeydiyyatdadır. Həmin xəstəliklə bağlı həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir. Hal-hazırda ürək xəstəliyi ilə əlaqədar mütəmadi olaraq müalicə olunur. Eyni zamanda, adında heç bir əmlak, torpaq sahəsi və ev yoxdur. Kirayədə yaşayır və atası Əliniyaz Xəlilov İİ qrup əlildir. Ailə üzvlərindən heç kəs işləmir, ailə üzvlərinin almış olduqları pensiya müavinətləri ilə dolanırlar. Belə bir vəziyyətdə yüksək aliment məbləğini ödəmək mümkün deyildir. X2 ilə rəsmi nikaha girməklə təkrar ailə həyatı qurmuş və həmin nikahlarından xx.xx.2025-ci təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşınadək saxlanılması üçün Salyan rayon 1 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinə əsasən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Şirvan Şəhər Məhkəməsinin 2(032)-422/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X8 arasında Şirvan Şəhər Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2019-cu il tarixli nikah akt qeydləri kitabında 540 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X5 cavabdeh X4 himayəsində saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 449456 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə X8 arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 88 sayla qeyd edilmişdir. İş materiallarında olan Borclu ilə X8 arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər bu sazişi imzalamaqla xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 190 manat alimentin Borclu tərəfindən ödənilməsi haqqında, cehizlərin və X6 məxsus əmlakın və ya onların dəyərinin qaytarılması Borclu məxsus yaşayış evindən götürülməsi haqqında, alimentin 2023-cü ilin yanvar ayından hesablanmaqla hər ayın 25dən ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 2(048)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X10 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Abbasova (Xəlilova) Ruba Əliman qızına verilməsi qət edilmişdir. İşin faktiki hallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X10 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Abbasova (Xəlilova) Ruba Əliman qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində ərizəçia ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə ərizəçinin üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində Tələbkar Lerik Rayon Məhkəməsinin 2(048)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2023-cü ilin yanvar ayının 1-dən 2025-ci ilin yanvar ayının 1-dək 345 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi qismən təmin edilməli, 2024-cü ildə qəbul edilmiş qətnamə ilə uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,57 mislini təşkil etdiyindən xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar