Məhkəmə qərarları › İş №8(048)-6/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-6/2025

21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-6/2025 21.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimlinin, Borclu iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-896/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(049)-896/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(049)-896/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 320 manat sabit pil məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Belə ki, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən Elektron İcra İnformasiya Sistemindən Borclu barəsində müvafiq sorğular edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Belə ki, hazırda icra sənədi üzrə Borclu Tələbkar 3260 manat məbləğində ödənilməmiş aliment borcu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır Məhkəmə iclasında iştirak edən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimli təqdimatda göstərilənləri müdafiə edərək borclunun hal-hazırda 2850 manat borcu yarandığından Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Borclu izahat verərək bildirid ki, aliment borcunun yaxın vaxtlarda ödəyəcəyini qeyd edərək ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərəflərin izahatlarını təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Lənkəran Rayon Məhkəməsinin 2(049)- 896/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq Borclu həra iki uşaq üçün ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar oğlunun xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 3(048)-268/2024 saylı qərarının sürətindən görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 gün müddətində inzibati qaydada həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazırki vaxtadək icra edilmədiyini, eləcə də icra sənədinin icrası zamanı tələbin yönəldilə biləcəyi əmlaklar aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-896/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1988-ci il tarixdə Lerik rayonu, Azərbaycan kəndində anadan olmuş, Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-896/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1988-ci il tarixdə Lerik rayonu, Azərbaycan kəndində anadan olmuş, Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar