Məhkəmə qərarları › İş №8(049)-168/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-168/2023

14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-168/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2474/2022 saylı, 02 noyabr 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 20 aprel 2023-cü il tarixli qərarla icraata başladığı, Lənkəran rayon məhkəməsinin 2(049)-2474/2022 saylı, 02 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 5000 manat məbləğində pul, 71 manat dövlət rüsumu və 50 manat vəkil haqqı alınaraq, tələbkar X1 xeyrinə verilməlidir. Borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu icra sənədinin tələbini könüllü icra etməkdən yayınmışdır. Tərəfimizdən məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcundan ödəniş etməkdən yayınmışdır. İcra tədbirləri zaman müəyyən olunmuşdur ki, Borclu müxtəlif vaxtlarda ölkə ərazisini tərk etmişdir. Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Təqdimat vermiş orqanın nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə hesab edir ki, qeyd olunan şəxslərin gəlməməsi qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, icra sənədinin icrasının təmin olunması məqsədilə icra qurumu tərəfindən görülmüş icra tədbirləri nəticəsində Borclu Azərbaycan Respublikası ərazisini tərk etməklə məhkəmə tərəfindən verilmiş icra sənədinin icrasından yayınması ehtimalı müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2474/2022 saylı, 02 noyabr 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar