Məhkəmə qərarları › İş №8(049)-256/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-256/2023

16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-256/2023 16.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlu, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2670/2022 №-li, 30 avqust 2022-ci il tarixli icra sənədinin icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan Lənkəran Rayon Məhkəməsinin 2(049)-2670/2022 №-li, 30 avqust 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1722 manat məbləğində pul və 37.22 manat dövlət rüsumu alınaraq, tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. Borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin tələbini könüllü icra etməkdən yayınmışdır. Tərəflərindən məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcundan ödəniş etməkdən yayınmışdır. İcra tədbirləri zamanı müəyyən edilmişdir ki, Borclu müxtəlif vaxtlarda ölkə ərazisini tərk etmişdir. Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış təqdimat vermiş şəxs Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra şöbəsinin təqdimatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2670/2022 №-li, 30 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu ümumillikdə 1722 manat borc, 37.22 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2670/2022 №-li, 30 avqust 2022-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Borclu Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2670/2022 №-li, 30 avqust 2022-ci il tarixli icra sənədinin icrasının könüllü icra edilməsi bildirilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 №-li Qərarı ilə təsdiq edilmiş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın; 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Hazırk işin hallarından görünür ki, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişinin göndərilməsi barədə məktub təqdimata əlavə edilsə də, həmin bildirişin borcluya çatıb-çatmaması, habelə icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirlərin görülməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun əmlakının axtarılması üçün bütün tədbirlərin görülməsini təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2670/2022 №-li, 30 avqust 2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar