Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-280/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 25 yanvar 2023-cü il tarixli qərarı ilə icraata başlanılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-2861/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən, Borclu və X2 4676 manat məbləğində pul və 67.16 manat dövlət rüsumu alınaraq, tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. Borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin tələbini könüllü icra etməkdən yayınmışdır. Tərəfindən məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcundan ödəniş etməkdən yayınmışdır. İcra tədbirləri zamanı müəyyən olunmuşdur ki, Borclu müxtəlif vaxtlarda ölkə ərazisini tərk etmişdir. Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Lənkəran rayon İcra və Probasiya Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni zamanda qanundan göründüyü kimi, 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: 1) könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi; 2) icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə 2-ci şərtin mövcud olduğu, yəni borclunun icra sənədini üzrsüz səbəbdən icra etmədiyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Həmçinin təqdimata “icraata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin borcluya rəsmi təqdim edilməsi haqqında sübut əlavə edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2861/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu - xx.xx.1975-ci il tarixdə doğulmuş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №8(049)-280/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-280/2023
30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver