Məhkəmə qərarları › İş №8(049)-286/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-286/2023

12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-286/2023 12.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasın katibi: X3, borclu: X4,qətnaməni icra edən orqanın nümayəndəsi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2577/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında ödəniləcək məbləğin hissə-hissə icra olunması barədə X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2577/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilən məbləğin iddiaçı Tələbkar ödənilməmiş 21395.14 manat borcun hər ay 600 manat olmaqla 35 ay müddətə hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstəribki, iddiaçı Tələbkar ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 29595.14 manat pulun və 180 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Lənkəran rayon məhkəməsinin 2(049)-2577/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilərək məndən 29595.14 manat məbləğində borc pul və 180 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu iddianı tam şəkildə qəbul etmiş və Lənkəran rayon məhkəməsinin 2(049)-2577/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, “iddianı tam qəbul edir. İddiaçı ilə Cəlilabad rayonunda N saylı hərbi hissədə bir yerdə işləmiş vaxt xx.xx.2018-ci il tarixdə o, Azərbaycan Beynəlxalq bankı ilə kredit müqaviləsi bağlayaraq 20000 manat kredit götürmüş. Onunla Bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sözügedən kreditin ödənilməsinin təminatı olaraq Tələbkar ona zamin olmuşdur. Kredit götürdükdən 1 həftə keçəndən sonra o tutduğum vəzifədən azad olmuş, 4-6 ay müddətində ödənişimi etmiş, lakin sonradan imkanım olmadığımdan ödənişləri edə bilməmiş. Ona görə də iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Qətnamə icraya yönəldikdən sonra o Lənkəran Rayon İcra və Probasiya şöbəsinə dəvət edilmşdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsində icra məmuru Vüsal Qasımov tərəfindən izahatım alınmış və ona qanunvericiliyin tələbi izah olunaraq icra sənədinin icra olunmasının zəruriliyi bildirilmişdir. İcra məmuru ona nə vaxt Lənkəran Rayon İcra və Probasiya şöbəsinə dəvət edibsə, o icra şöbəsinə getmiş və izahat vermişdir. Onun daimi iş yeri olmadığı üçün həmin borcunu maddi vəziyyətiylə bağlı tələbkara birdəfəlik ödəyə bilmir. O, borcunu ödənilməsində yayınmır. Artıq qətnamənin qəbulundan 9 ay vaxt keçməsinə baxmayaraq qeyd etdiyi kimi maddi imkanı olmadığına görə həmin pulu tələbkara birdəfəlik ödəyə bilmir. Lənkəran şəhərində və iş olduğu zaman Bakı şəhərində rəngsaz yanında maşın təmiri emalatxanalarında işləyir. Aylıq gəliri 1000-1200 manat təşkil edir. Bundan başq hər hansı bir yerdən qazanc yeri yoxdur. Məhz bu səbəblərdən iddiaçıya borclu olduğu pulu birdəfəlik olaraq iddiaçıya ödəmə iqtidarında deyil. O, həmin borcdan 8200 manat ödəmişdir, qalan borcunu isə birdəfəlik deyil hissə-hissə ödəmək istəyir. Ailəlidir hər halda ailənin maddi təminatını ödəməlidir. Əgər məhkəmə qətnaməsi ondan tutulan pulu hissə-hissə icra etmək barə qərar çıxararsa, onda o hər ay tələbkara 600 manat ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən X1 bildirdi ki, daimi iş yeri olmadığına görə iş olanda bakı şəhərində maşın təmiri emalatxanalarına işləyir borcun ödəməkdən boyun qaçırmamışdır.Aylıq gəliri İcra vərəqəsində göstərilən məbləğin 1000-1200 manat təşkil edir.Bundan başaqa gəliri yoxdur. Borcun 8200 manatını ödəmiş qalan hissəsini hissə hissə ayda 600 manat olmaqla ödəcəyəcəkdir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 bildirdi ki, borclu Pərviz Bağırlı ümumi borcundan 8200 manat ödəmiş, qalan məbləğ barədə isə tələbkarla əvvəlcə razılıq əldə etsə də, sonradan razılıq pozulmuşdur. Tələbkar xüsusi təyinatlı olduğuna görə hazırda hərbi xidmətdə olduğundan sonradan tələbkarın fikrini öyrənmək mümkün olmamışdır. Ərizənin təmin edilməsinə etirazı yoxdur. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilmədən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2577/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin 29595.14 manat olmaqla borclu tərəfindən həmin məbləğdən az miqdarda ödəniş edilməsini, yəni ümumi borcun yarısından çoxunun hazırda ödənilmədiyini və hazırda 21395.14 manat borcun qalmasını nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun hər ay 600 manat olmaqla qətnaməni hissə-hissə 35 ay müddətinə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Ona görə də ərizə təmin edilə bilməz. Qeyd olunanlara əsasən və MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2577/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pul məbləğin hissə-hissə icra olunması barədə X1nun ərizəsi təmin edilmədən rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar