Məhkəmə qərarları › İş №8(049)-314/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-314/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-314/2024 30.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, X1nun iştirakı ilə, X1nun icra sənədinin hissə-hissə icra olunmasına dair ərizəsinə Lənkəran rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-258/2024 saylı qətnaməsinə əsasən X2 9843 manat pul və 120 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. X1 həmin qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, maddi durumu çox ağır olduğu üçün borcunu birdəfəlik ödəyə bilmir. Valideynləri müxtəlif xəstəliklərdən əziyyət çəkir. Pulu vaxtında qaytara bilmədiyi üçün Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 10 gün həbs də olunmuşdur. Tələbkara borcundan 1200 manat ödəmişdir. Hazırda qalan pulu ödəyə bilmədiyi təqdirdə barəsində cinayət işi başlanılacaqdır. Özü ticarətlə məşğulıdur. Qalan borcu ayda 300-500 manat olmaqla ödəyə bilər. Məhkəmə iclasında borclu ərizəsində yazılanlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, arvadı da ağır xəstədir və ona “ximiyaterapiya” tətbiq olunub, onun başqa şəxslərə də borcları olmuş, o, həmin borcları bağlamış, ilk vaxtlar tələbkar ayda 300 manat olmaqla borcun hissəhissə ödənilməsinə razı olsa da, sonradan bundan qəti imtina etmişdir. Tələbkarla telefon vasitəsilə əlaqə yaradılmış, o, borcun ayda 500 manat olmaqla hissə-hissə ödənilməsinə etiraz etmişdir. Məhkəmə borclunun izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə qeyd edir ki, borclunun ərizəsində, eləcə də məhkəmədə verdiyi izahatında maddi vəziyyətinin çətin olduğunu, valideynləri və arvadının xəstə olduqlarını göstərsə də, qeyd olunan hallar onun ərizəsinin təmin edilməsi üçün əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, icra sənədinin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və icra sənədinin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə məhkəmə qətnaməsi hissə-hissə icra olunarkən tələbkarında mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında məsələ həll edilərkən ilk növbədə tərəflərin əmlak vəziyyətini, xüsusilə də tələbkarın mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, X1nun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin olunması, özünə məxsus olan pulu ala bilməyən tələbkarı bundan sonra həmin pullara dair mülkiyyət hüququnu həyata keçirməklə bağlı qeyri-müəyyən vəziyyətə salmış olar və tələbkarın Azərbaycan Respublikası Konstitusiyası və «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun pozulması və öz hüquqlarını realizə etmək imkanından məhrum olunması ilə nəticələnmiş olardı. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə hazırki ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yunanıstan Neft emalı zavodu “Stern” Yunanıstana qarşı” işində arbitraj qətnaməsini Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəlarına müvafiq olaraq “Əmlak” hesab edilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə, bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, «ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdılar ki, «İnsan hüquqularının və X4 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X3 Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-258/2024 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinin təmin olunması pulunu ala bilməyən tələbkara olan münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə zidd olmaqla, həmin maddələrin pozulması ilə nəticələnmiş olardı. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən ərizəçinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər X1nun ərizəsinin təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi təmin olunmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi anadan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar