Məhkəmə qərarları › İş №8(049)-86/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-86/2024

29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-86/2024 29.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 barışıq sazişinin təsdiq edilməsi barədə təqdimatına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 2(049)-1555/2023 nömrəli qətnamənin icrası ilə əlaqədar barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(049)-1555/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmışdır. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(049)-1555/2023 nömrəli digər icra sənədinə əsasən isə tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlaklarda - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilmiş 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47 kv.metr olan 1 otaqdan ibarət 28 saylı mənzildə, Lənkəran rayonu Şovu kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsində və “Mersedes-Benz E 220” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobildə onların hər birinin 1/2 hissə payı müəyyən olunmuş və həmin əmlakların 1/2 hissə olmaqla iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında bərabər qaydada bölünməsi qərara alınmışdır. Qeyd olunan iş üzrə icra sənədi xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmışdır. İcraat zamanı tərəflər arasında icra sənədi ilə bağlı razılaşma olmuş və tərəflər Lənkəran regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlamışlar. Həmçinin, icra işi üzrə tələbkar Cəfərova (Əliyeva) Nuranə Rahim qızı xx.xx.2024-cü il tarixli ərizə ilə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(049)-1555/2023 nömrəli qətnamənin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunan əsaslara görə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1555/2023 nömrəli qətnaməsinin icrası ilə əlaqədar barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verən orqan Lənkəran rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya lazımi qaydada məlumat verilsə də, təqdimat verən orqanın nümayəndəsi, tələbkar və borclu hazırki məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Borclu xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı əmlakın qiymətləndirlməsinə dair sübutunu məhkəməyə göndərəcəyini bildirb təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri, eləcə də, əmlakın qiymətlləndirilməsinə dair borclunun məhkəməyə göndərdiyi sənədi tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(049)-1555/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Həmin icra sənədi üzrə icra qurumu tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan isə görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(049)-1555/2023 nömrəli digər icra sənədinə əsasən tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlaklarda - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilmiş 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47 kv.metr olan 1 otaqdan ibarət 28 saylı mənzildə, Lənkəran rayonu Şovu kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsində və “Mersedes-Benz E 220” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobildə onların hər birinin 1/2 hissə payı müəyyən olunmuş və həmin əmlakların 1/2 hissə olmaqla iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında bərabər qaydada bölünməsi qərara alınmışdır. İş materiallarında olan və tələbkar ilə borclu arasında Lənkəran regional “Asan Xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki:

1. Borclu birgə nikah dövründə əldə etdikləri əmlakda - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilmiş 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47 kv.metr olan 1 otaqdan ibarət 28 saylı mənzildə olan 1/2 (ikidə bir) hissə payından imtina edir və həmin mənzilin tələbkar Cəfərova (Əliyeva) Nuranə Rahim qızının adına rəsmiləşdirilməsinə razılıq verir.

2. Tələbkar Cəfərova (Əliyeva) Nuranə Rahim qızı xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində aliment tələbindən həmişəlik imtina edir, onun X4 nə barışıq sazişini imzaladığı vaxt, nə də gələcəkdə alimentlə bağlı tələbi və şikayəti olmayacaqdır.

3. Tələbkar Cəfərova (Əliyeva) Nuranə Rahim qızı Borclu ilə birgə nikah dövründə əldə etdiklkəri əmlak - Lənkəran rayonu Şovu kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsindən və “Mercedes-Benz E’220” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan 1/2 (ikidə bir) hissə payından həmişəlik imtina edir və onun Borclu nə barışıq sazişini imzaladığı vaxt, nə də gələcəkdə həmin əmlak üzrə tələbi və şikayəti olmayacaqdır.

4. Tələbkar Cəfərova (Əliyeva) Nuranə Rahim qızı borclu X6 adına olan və sonuncuya öz valideynlərindən miras qalmış, Lənkəran şəhəri, Qala Xiyabanında istifadəsində olan 0,055 hektar torpaq sahəsində yerləşən 5 saylı 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 67,5 kv.metr ümumi, 44,9 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 23 nömrəli mənzildən pay və ya istifadə hüququndan həmişəlik imtina edir və onun Borclu oğundan nə barışıq sazişini imzaladığı vaxt, nə də gələcəkdə həmin əmlak üzrə tələbi və şikayəti olmayacaqdır. Borclunun məhkəməyə verdiyi “Torpaq sahəsinin, mənzilin və avtomobilin bazar qiymətinə dair” xx.xx.2024-cü il tarixli rəydən görünür ki, borclunun tələbkarın xeyrinə öz payından imtina etdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilmiş 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47 kv.metr olan 1 otaqdan ibarət 28 saylı mənzilin qiyməti 65.000 manatdır. Məhkəmə qeyd olunan barışıq sazişinin təsdiq edilib-edilməməsi məsələsinə qiymət verməzdən əvvəl həmin sazişin təsdiqi nəticəsində tərəflərin və üçüncü şəxslərin, indiki halda, tərəflərin birgə nikahından anadan olmuş, aliment almaq hüquqları olan uşaqların hüquqlarının pozulub-pozulmadığına qiymət verməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Hazırda tərflərin uşaqları - X3 18, X5 isə 15 yaşı bitmişdir. Hər iki uşağın saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdən başlayaraq ödənilməli olan alimentin miqdarı həmin tarixdən uşaqların (hər birinin) yetkinlik yaşına çatacağı günədək ümumilikdə, təxminən, 10.000 manat təşkil edəcəkdir. Borclu həmin məbləğdə aliment əvəzinə dəyəri 65.000 manat miqdarında qiymətləndirilən mənzildəki 1/2 payından, yəni 32.500 manat məbləğində əmlakdan tələbkarın xeyrinə imtina edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1 və 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, borclunun qeyd olunan mənzildəki payının dəyəri uşaqlarına yetkinlik yaşına çatanadək ödəməli olduğu alimentin məbləğindən xeyli yüksəkdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan barışıq sazişinin təsdiqi tərəflərin birgə nikahından anadan olmuş, aliment almaq hüquqları olan uşaqların aliment hüquqlarını pozmur. Eyni zamanda, məhkəmə hesab edir ki, barışıq sazişində qeyd edilən, Lənkəran rayonu Şovu kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsindən və “Mercedes- Benz E’220” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan 1/2 (ikidə bir) hissə paydan, habelə, Lənkəran şəhəri, Qala Xiyabanında istifadəsində olan 0,055 hektar torpaq sahəsində yerləşən 5 saylı 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 67,5 kv.metr ümumi, 44,9 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 23 nömrəli mənzildən pay və ya istifadə hüququndan tələbkar Cəfərova (Əliyeva) Nuranə Rahim qızının imtinası da bilavasitə tələbkara aid olan müstəsna hüquq olduğundan, barışıq sazişinin bununla bağlı şərtləri də tərəflərin və ya üçüncü şəxslərin mənafelərinə toxuna bilməz. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanunazidd olmadığından, tərəflərin və ya üçüncü şəxslərin mənafelərinə toxunmadığından məhkəmə qərara gəlir ki, həmin barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1, 20.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatı təmin edilsin. Tələbkar Cəfərova (Əliyeva) Nuranə Rahim qızı ilə Borclu arasında Lənkəran regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar