Məhkəmə qərarları › İş №8(050)-118/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №8(050)-118/2025

02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 8(050)-118/2025 02.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5137/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə Masallı rayon İcra və Probasiya şöbəsinin 16 oktyabr 2024-cü il tarixli qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Habil İsmayılovun icraatında olan 2(011)-5137/2023 saylı xx.xx.2023-cü il tarixli “icra sənədinin məhkəməyə qaytarılmasına dair” 16 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1198/2025 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkar "xxxx" MMC-nin Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Habil İsmayılovun icraatında olan xx.xx.2023-cü il tarixli 2(011)-5137/2023 saylı icra sənədinin məhkəməyə qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayəti baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sözügedən iş materialı 03 aprel 2025-ci il tarixdə Masallı Rayon Məhkəməsinin icraatına daxil olmuş, həmin iş aiddiyyət məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən həmin iş baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Habil İsmayılovun icraatında olan 2(011)-5137/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədinin Xətai rayon məhkəməsinə qaytarılması qərara almışdır. Hüquqi əsas kimi borclu X1 adına rəsmi reyestri aparılan əmlakın, əmanətin və VÖEN-in və qeydiyyatda olduğu ünvanda tələbin yönəldilə biləcəyi dəyərli əmlakın aşkar edilməməsi göstərilmişdir. Onların qanuni tələbinə baxmayaraq icra məmuru qeyd edilən aktın və əmlakın axtarışı ilə bağlı sorğulara cavablarının surətlərini tələbkara təqdim etməmişdir. “İcra haqqında” AR Qanunun “72.7. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; (23.1.3). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.” Göründüyü kimi, icra məmuru 2 ay ərzində bütün zəruri icra hərəkətlərini, bu halda borcluya məxsus və tələbin yönəldilməsinə qanunla imkan verilən əmlakın götürülməsi və satışa çıxarılması, borclunun ölkədən çıxışına qadağa qoyulması barədə təqdimatla müraciət etməməsi bu qərarın ləğv edilməsini zəruri edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, Masallı rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini, icra işi və hazırki iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5137/2023 saylı xx.xx.2023cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GARA-13409-1970 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər X2 və babayeva Mənzər İslam qızından müştərək qaydada 1018.99 manat əsas borc, 121.45 manat faiz borcu, 20 manat cərimə borcu və 32.40 manat rüsum olmaqla, cəmi 1192.84 manat borc məbləği alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qərara alınmışdır. Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Habil İsmayılov tərəfidən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icraatında olan 2(011)- 5137/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin Xətai rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Hüquqi əsas kimi “İcra haqqında” qanunun 23.1.3-cü maddəsinə istinad edilməklə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmaqdıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməməsinə görə icra sənədi məhkəməyə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. (8.2.) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. - 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. - 44.2-ci maddəsinə əsasən Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. - 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarından görünür ki, icra sənədi xx.xx.2024-ci il tarixdə icraata daxil olmuşdur. Həmin qərar icra sənədi üzrə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməməsinə görə icra sənədi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, icra məmurunun qəbul etdiyi qərarın məzmunundan da göründüyü kimi icra məmuru tələbin icra edilməsi ilə bağlı hər hansı məcburi icra tədbirlərini görməmiş, yalnız borclunun yaşadığı mənzilə baxış keçirildiyini, baxış zamanı evdə hər hansı tələbin yönəldilə biləcəyi dəyərli əmlakın aşkar edilməməsi qeyd edilmiş, eyni zamanda rəsmi reyestrdə qeydə alınan daşınar və daşınmaz əmlaklarla bağlı elektron sorğu verildiyini, surğunun cavabına uyğun olaraq adında hər hansı əmlakın olmaması əsası ilə icra sənədini geri qaytarması ilə bağlı qərar qəbul etmişdi. Əvvəla, şəxsin yaşayış sahəsinə baxış keçirildiyi zaman tələbin yönəldilə biləcəyi hər hansı dəyərdə əmlakın müəyyən edilməməsi inandırıcı deyildir. Çünki ən azından fərdi yaşayış evində yaşamaq üçün müəyyən məbləğlərdə (dəyərdə) əşyaların olması zəruri tələbatlardandır. Eyni zamanda qanunvericiliyin tələbinə uyğun olaraq icra məmuru tərəfindən qəbul edilmiş qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. Bu xüsusatın özü də həmin qərarın qəbul edilməsi əsasları kimi göstərilmiş halların əslində mövcud olmadığını, icra məmurunun öz mülahizəsinə əsaslanmaqla qəbul etdiyini göstərir. Məhkəmə, göstərilənlərə əsasən icra sənədi üzrə icra məmurunun öz qərarında göstərdiyi əsaslarla icra sənədinin geri qaytarılmasını əsaslı hesab etmir. Məhkəmə, icra sənədinin qaytarılması haqqında qərarı kifayət qədər əsaslı hesab etmədiyindən, şikayətdə və qərardadın əsaslandırıcı hissəsində göstərilən halların araşdırılmalı olmasını, icra sənədinin tam icrasının mümkün olub-olmamasının müəyyən edilməsi üçün icra hərəkətlərinin davam etdirilməli olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5137/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi üçün icra vərəqəsi yenidən Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5137/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5137/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra hərəkətlərinin davam etdirilməsi üçün Masallı Rayon İcra və Probasiya göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar