Məhkəmə qərarları › İş №8(051)-108/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-108/2024

04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-108/2024 04.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Tələbkar Borclu iştirakı ilə Borclu Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1971/2023 saylı qətnaməsinin (hazırda Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)- 250/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin) hissə-hissə icrasına dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1971/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X1 qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə iddiası rədd edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə iddiası qismən təmin edilmiş, Borclu üzərinə iddiaçı Tələbkar yazılı qaydada üzr istəmək vəzifəsi qoyulması, mənəvi zərərə görə cavabdeh Borclu 3000 (üç min) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-250/2024 saylı qətnaməsi ilə cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli, 2(051)-1971/2023 saylı qətnaməsi qismən, iddia tələbinin cavabdeh Borclu üzərinə iddiaçı Tələbkar yazılı qaydada üzr istəmək vəzifəsi qoyulmasına aid hissədə ləğv edilməsi qət edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmış, qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda Borclu ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-250/2024 saylı qətnaməsi əsasında borclu olduğu məbləğin ayda 40 manat olmaqla hissə-hissə ödənilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1971/2023 saylı qətnaməsinə əsasən ondan 3000 manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-250/2024 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli, 2(051)-1971/2023 saylı qətnaməsi qismən, iddia tələbinin onun üzərinə iddiaçı Tələbkar yazılı qaydada üzr istəmək vəzifəsi qoyulmasına aid hissədə ləğv edilməsi qət edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Artıq iki aydır ki, onun əmək haqqının yarısı (50%-i), yəni 163 manat pul maaşından tutularaq qarşı tərəfə ödənilir. Bu da onun və ailəsinin maddi vəziyyətini çətinləşdirir. Belə ki, o, sosial işçidir və minimum əmək haqqı, yəni 326 manat alır. Ailəsi dörd nəfərdən ibarətdir. İki övladı var ki, onlar da tələbədirlər. X5 Universitetində təhsil alırlar. Övladlarından biri, X2 2-ci qrup gözdən əlildir. O, mütəmadi olaraq həm müayinə, həm də müalicə olunur. Onun gözdən cərrahi əməliyyata ehtiyacı var. Digər övladı X3 anadangəlmə ürək qüsurludur. O, 2013-cü ilin sentyabr ayının 12-də qapalı ürək əməliyyatı keçirmişdir. Hazırda müalicəsi davam etdirilir. O, daima həkim nəzarəti altındadır və tez-tez müayinə və müalicə olunur. Onun açıq ürək əməliyyatına ehtiyacı var. Çünki vəziyyəti qənaətbəxş deyildir. O, məhkəmə qətnaməsi üzrə borcunu ödəməkdən boyun qaçırmır. Borcu hissə-hissə, yəni ayda 40 manat olmaqla ödəməyə gücü çatır. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Tələbkar məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Borclu olduğu məbləği hissə-hissə ödəməsinə razı deyildir. Borclunun təklif etdiyi məbləğ işin həqiqi hallarına uyğun deyildir. Bununla belə Borclu ondan üzr istəyəcəyi təqdirdə, o, həmin puldan imtina etməyə hazırdır. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış Əlillik haqqında arayışdan görünür ki, X2 2-ci qrup gözdən əlildir. X8 exokardioqrafiyadan keçməsini təsdiq edən sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, borclunun qalıq borcunun hər ay 40 manat məbləğində hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Borclu qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Borclu Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1971/2023 saylı qətnaməsinin (hazırda Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)- 250/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin) hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar