Məhkəmə qərarları › İş №8(051)-118/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-118/2022

26.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-118/2022 26.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X9 və Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimata baxaraq Müəyyən etdi : Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru Orxan Babayev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X9 izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2211/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat məbləğində aliment alınıb X3 verilməlidir. Borclu icra sənədi üzrə tələbin ödənilməsi üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq o, borcunu ödəməkdən boyun qaçırmış, alimenti ödəməmişdir. Ona görə də Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş edir. Borclu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, alimenti ödəməkdən, uşağını saxlamaqdan boyun qaçırmır. Ayrıldıqdan sonra tələbkar uşağını müalicə adı ilə Rusiya Federasiyasına aparmış, orada başqa bir adamla ailə qurmuşdur. Həmin vaxtdan o, uşağını görə bilmir, onunla əlaqə saxlaya bilmir. Tələbkar ona uşağı ilə görüşməyə, əlaqə saxlamağa imkan vermir. Ona görə də uşaqla ünsiyyətdə olması və görüş tələbi barədə məhkəməyə iddia vermiş, onun iddiası qismən təmin olunmuş, məhkəmənin qətnaməsi ilə onun uşaqla ünsiyyətdə olması üçün görüş günləri müəyyən edilmişdir. İcra sənədi icra olunması üçün icra şöbəsinə göndərilsə də bir dəfə də uşağı ilə əlaqə saxlaya, onunla görüşməyə şərait yaradılmamışdır. Uşağın gah Rusiyada, gah Şəmkirdə, gah Tovuzda olduğu bildirilmişdir, lakin uşağı görə bilməmişdir. Uşağının sağ olması onda şübhə yaradır. Ona görə ki, tələbkar heç olmasa telefonla uşaqla əlaqə saxlamağa şərait yaratmır. Tələbkar icra şöbəsinə yazdığı ərizədə Rusiyada yaşadığını bildirir. Halbuki ona qarşı yazdığı aliment tələbinə dair iddia ərizəsində yaşadığı yeri Şəmkir rayonu göstərmişdir. Əgər tələbkar, həqiqətən də, Rusiyada yaşayırsa olduğu yeri barədə rəsmi sənəd təqdim etsin ki, gedib uşağını görsün. Təqdimatın təmin olunmamasını xahiş edir. Ona görə ki, həqiqətən də uşaq Rusiyadadırsa uşağı görmək üçün Rusiyaya gedib-gəlməyə məcburdur. Uşağını görəndən sonra alimenti tam ödəyəcəkdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin olunmamalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 31 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 manat sabit pul məbləğində aliment hər ay cavabdeh Borclu tutularaq iddiaçı X3 verilməlidir. Borclu Mingəçevir şəhərində, tələbkar X1 rayonu Seyfəli kəndində yaşayır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-189/2021 №-li 17 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Borclu hər həftənin bazar günləri saat 15:00-dan 17:00-a kimi, ad günü və bayram günlərində, 31 mart 2011-ci il təvəllüdlü X4 ilə görüş vaxtı müəyyən olunması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2 № nömrəli 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin ürzsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. Azərbaycan RespublikasıKonstitusiyanın 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində isə göstərilir ki, insan və vətandaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Sərbəst hərəkət etmək azadlığı milli qanunvericilik ilə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarını müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinə əsasən: - Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. - Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. - Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai arayişin maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Battista İtaliyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərə almadan borcun ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasının avtomatik tətbiq edilməsi Konvesiyanın 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tələbkarın, eləcə də uşağın daimi yaşayış yeri, olduğu yer məlum deyil. Onların yaşayış yeri barədə icra şöbəsinə sənəd təqdim olunmamışdır. Tələbkar uşaqla ünsiyyətdə olmağa, onunla görüşməyə borcluya şərait yaratmamışdır. Halbuki uşaqla ünsiyyətdə olmağa dair məhkəmə qətnaməsi və icra sənədi vardır. Bundan əlavə əgər uşaq Rusiya Federasiyasında yaşayırsa, bununla bağlı rəsmi, sənəd təqdim olunarasa borclu uşağın, həqiqətən də qeyd edilən ünvanda yaşamasını müəyyən etmək, uşaqla görüşmək üçün Rusiya Federasiyasına getməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuna müvafiq deyil, əsassız olaraq hüququnun pozulmasına səbəb ola bilər. Ona görə də Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmim olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı : Təqdimat təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar