Məhkəmə qərarları › İş №8(051)-24/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-24/2025

27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-24/2025 27.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi X2 iştirakı ilə X2 alimentin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Şəhər məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1792/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə tutulan aliment məbləği indeksasiya edilməklə xx.xx.2008-ci il təvəllüdlü Zübeyir və xx.xx.2011-ci il təvəllüdlü Ömər adlı uşaqların saxlanması üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4637 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 22(051)-1792/2023 saylı xx.xx.2023-cü qətnaməsinə əsasən boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş Zübeyir və xx.xx.2011 -ci il tarixdə doğulmuş Ömər adlı uşaqların X4 yanında qalması müəyyən edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin zamanlar uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 235 manat, minimum əmək haqqı isə 345 manat olmuşdur. Lakin hazırda Ali Məhkəmənin Plenimum qərarı çıxarılmışdır ki, həmin qərarda da alimentin artırılması deyil indeksasiyası nəzərdə tutulmuşdur. Hazırda minumum əmək haqqı 400 manat təşkil edir. Qətnamə çıxarılarkən minumum əmək haqqının 345 manat olması nəzərə alınsa o zaman təyin olunmuş aliment minimum əmək haqqının 0.4637 mislini təşkil etmişdir. Sözügedən Plenimum qərarına əsasən hazırda olan minimum əmək haqqının (400 manat) 0.4637 misli miqdarında aliment təyin olunmalı və həmin məbləğə uyğun indeksasiya olunmalıdır. Hər uşaq üçün 400 manatın 0.4637 misli 185,48 (bir yüz səksən beş manat qırx səkkiz qəpik) manat təşkil edir. Ona görə də o, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1792/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə tutulan aliment məbləği indeksasiya edilməklə xx.xx.2008-ci il təvəllüdlü Zübeyir və xx.xx.2011 -ci il təvəllüdlü Ömər adlı uşaqların saxlanması üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4637 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–in 232.2–ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə alimentin indeksasiyasına dair ərizəni, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1792/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X4 arasında olan nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü Zübeyir və xx.xx.2011 -ci il təvəllüdlü Ömər adlı uşaqların anaları X4 yanında qalmasının müəyyən olunması, Borclu xx.xx.2008-ci il təvəllüdlü Zübeyir və xx.xx.2011 -ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat miqdarında aliment hər ay tutulub X5 verilməsi, iddianın alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Zübeyir və xx.xx.2011 -ci il təvəllüdlü Ömər adlı uşaqların anası X6, atası Borcludur. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1792/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2008-ci il təvəllüdlü Zübeyir və xx.xx.2011 -ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat miqdarında aliment hər ay tutulub X5 verilməsi qət edilmişdir. Hazırda ərizəçi məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasını xahiş edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 110.1–ci maddəsi alimentin indeksasiyasını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilməsi ilə bağladığından, hazırkı tələb üzrə alimentin indeksasiyası üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, uşaqlar iddiaçının yanında yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. 2023-cü il üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, aylıq minimum əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Minimum aylıq əmək haqqının məbləğinin artması alimentin indeksasiyası üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, alimentin indeksasiyası üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X10 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, qüvvədə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1792/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,46 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, bir uşaq üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli olmaqla, iki uşaq, xx.xx.2008-ci il təvəllüdlü Zübeyir və xx.xx.2011 -ci il təvəllüdlü Ömər adlı uşaqlar üçün cəmi 0,92 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası MPM–in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 232, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü Zübeyir və xx.xx.2011 -ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1792/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 160 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli olmaqla, iki uşaq üçün cəmi 0,92 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu sabit pul məbləğində aliment alınıb tələbkar X5 verilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar